ARDNŞ-in xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib

ARDNŞ-in xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib
# 03 oktyabr 2014 17:18 (UTC +04:00)

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, iclasda Təqaüd Proqramı çərçivəsində xarici universitetlərdə təhsillərini müvəffəqiyyətlə başa vurmuş 19 nəfərin hesabatı dinlənilib. Bildirilib ki, ikisi bakalavr, 17-si magistr olmaqla, məzunlar iqtisadiyyat, insan resurslarının idarəedilməsi, avtomatika və informasiya kommunikasiya texnologiyaları, neft mühəndisliyi, hüquq, ekologiya, logistika və tibb üzrə təhsillərini başa vurublar.

Komissiya üzvlərinin suallarını cavablandıran təqaüdçülər təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. İclasda hesabatları ilə xüsusi fərqlənmiş bir qrup məzun dərhal seçilərək ARDNŞ-in müxtəlif struktur bölmələrinə təyinat alıb. Digər məzunların da müvafiq işlə təmin edilməsi məsələsinə yaxın günlərdə baxılacaq. Müsabiqə Komissiyası daha sonra şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil alan 7 nəfərin təhsil məsələsini müzakirə edib.

Qeyd edək ki, bu günədək ARDNŞ-in Təqaüd Proqramında 246 nəfər iştirak edib. Hazırda onlardan 23 nəfər bakalavr, 27 nəfər magistr pilləsi üzrə, 1 nəfər isə uzmanlıq təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. İndiyədək 195 nəfər (bakalavr pilləsi üzrə 32, magistr pilləsi üzrə isə 161 məzun) təhsilini başa vuraraq vətənə qayıdıb və ARDNŞ-in müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR