Azərbaycanda son 7 ildə 4 dini qurum ləğv edilib

Azərbaycanda son 7 ildə 4 dini qurum ləğv edilib
# 21 iyun 2016 10:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr və dəyişikliklər edildikdən sonra Dövlət Komitəsində 649 dini qurum qeydiyyatdan keçib. Bu müddət ərzində onlardan 4-ü ləğv edilib.”


APA-nın məlumatına görə, bunu “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda komitənin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, hazırda 645 dini icma qeydiyyatdadır: “Konfessional baxımdan onların 620-si islam, 25-i isə qeyri-islam – 15-i xristian, 7-si yəhudi, 1-i krişna və 2-si bəhai təmayüllüdür”.

M. Qurbanlının sözlərinə görə, prezidentin sərəncamına əsasən 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılması faktı xüsusi qeyd edilməlidir: “Həmin maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli-mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrə müvafiq ekspert rəyi verilməsi üçün Dövlət Komitəsində Qiymətləndirmə Komissiyası yaradılıb. Qiymətləndirmə Komissiyası dini icmaların layihəsinə baxıb və müsbət rəy verdikdən sonra komitə həmin layihələri maliyyələşdirib. İndiyədək 102-si müsəlman və 19-u qeyri-müsəlman olmaqla, ümumilikdə 121 dini icmaya maliyyə vəsaiti ayrılıb. Maarifləndirmə tədbirləri çərçivəsində dini icmaların təşkil etdikləri və ekspertlərin də qatıldığı tədbirlərdə din xadimləri, ziyalılar, müəllimlər, fəal ictimaiyyət nümayəndələri ilə yanaşı, gənclər və yeniyetmələr də iştirak ediblər. Ümumilikdə sayı 400-dən çox olan belə maarifləndirmə tədbirlərində on minlərlə insanın iştirakı təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR