Azərbaycanlı sahibkarlar BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvləri ilə görüşüblər

Azərbaycanlı sahibkarlar BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvləri ilə görüşüblər
# 26 avqust 2014 15:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə bir qrup sahibkar Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının biznes və insan hüquqları işçi qrupunun nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının mətbuat xidmətindən APA – ya verilən xəbərə görə, M.Musayev görüş zamanı qonaqlara rəhbərlik etdiyi təşkilat haqqında geniş məlumat verib.

Eyni zamanda görüşdə davamlı inkişafın və bunun üçün beynəlxalq təcrübənin önəmliliyi vurğulanıb, Konfederasiyanın Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin və digər beynəlxalq təşkilatların üzvü olduğu, həmçinin respublikada fəaliyyət göstərən bir çox dövlətlərin səfirlikləri ilə, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Əmək Təşkilatı, Avropa Birliyi, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlığından söz açılıb. Konkret olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası üzvü olduğu Beynəlxalq Əmək Təşkilatının ölkənin ratifikasiya etdiyi müvafiq konvensiyalar barədə öz üzvləri arasında maarifləndirmə işləri aparmasından, təhlükəsiz əmək şəraiti, uşaq əməyi, gender bərabərliyi prinsiplərinə sahibkarlar tərəfindən riayət olunması istiqamətində gördüyü tədbirlərdən bəhs olunub.

İşçi Qrupu üzvləri və BMT-nin xüsusi məruzəçiləri Puvan Selvanathan və Pavel Sulyandziga Azərbaycanda iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri olan güclü sahibkarlar sinfinin formalaşmasını vurğulayıblar, ölkədə gedən inkişaf barədə öz fikirlərini bölüşüblər.

Görüşün yekununda BMT ilə Azərbaycan Sahibkarlıq Konfederasiyası arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, özəl sektorun vətəndaş cəmiyyətinin inkişafına daha yaxından cəlb olunması məsələləri üzrə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR