Nəbi Xəzrinin 90 illik yubileyi qeyd olunub

Nəbi Xəzrinin 90 illik yubileyi qeyd olunub
# 11 dekabr 2014 07:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illik yubiley tədbiri keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, şairin ailə üzvlər iştirak ediblər.

Ə. Qarayev N. Xəzrinin həyat və yaradıcılığından danışaraq bildirib ki, o, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb: “Nəbi Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindəndir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb. Xalq şairi Səməd Vurğunun xeyr-duası ilə ədəbiyyata gələn Nəbi Xəzrinin Azərbaycan poeziyasına dəyərli töhfələri aktuallığı ilə diqqəti cəlb edir”.

Nazir əlavə edib ki, Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib, o, Azərbaycanın ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.


Tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar və başqaları şairin həyat və yaradıcılığı haqqında danışıblar.

N. Xəzrinin oğlu Arzu Babayev tədbirin təşkilinə görə ölkə rəhbərliyi və mədəniyyət və turizm nazirliyinə təşəkkürünü bildirib.

Yubiley mərasimində N. Xəzrinin şeirləri səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR