AXCP sədrinin müşaviri: “Müsavatda ehtiyat edirlər ki, müxalifətin yaranacaq birliyinin namizədi İsa Qəmbər olmasın”

AXCP sədrinin müşaviri: “Müsavatda ehtiyat edirlər ki, müxalifətin yaranacaq birliyinin namizədi İsa Qəmbər olmasın”
# 15 aprel 2013 10:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Müsavat Partiyasının başqanı İsa Qəmbər iddia edir ki, 2003-cü ildə digər namizədlər vahid namizədi təyin etməyə imkan verməyiblər. Digər namizədlər Əli Kərimli və AMİP lideri Etibar Məmmədov olub. Yüz minlərlə insanın gözü qarşısında baş vermiş siyasi hadisəni bu şəkildə saxtalaşdırmağı İsa bəyə rəva görməzdik”.

Bu açıqlamanı APA-ya AXCP sədrinin müşaviri Asif Yusifli verib. Həmin proses haqda danışan A. Yusifli bildirib ki, 2003-cü ildə İ. Qəmbər onları AXCP kimi tanımayıb: “Həmin vaxtlar onlar AXCP sədri kimi Mirmahmud Mirəloğlunu qəbul edirdi. Əli Kərimli xalqımızın maraqları naminə Etibar Məmmədovu İsa Qəmbərin daha şanslı olduğuna inandırdı və vahid namizəd kimi dəstəkləməyə razı saldı. Növbəti gün isə sənəd imzalanmalı idi. Razılıq gecə saat 01.00 radələrində əldə olunmuşdu. Sabahısı gün bəlli oldu ki, İsa Qəmbər gecə onlardan ayrılandan sonra Rəsul Quliyevlə razılıq əldə edib. AXCP Rəyasət Heyəti Həsən Kərimovu, Məşədi Vaqifi, İbrahim Vəliyevi İsa Qəmbərin yanına göndərdi ki, onu səhv addım atmaqdan çəkindirsin. Həmin vaxt qərargahlarımız demək olar eyni küçədə yerləşirdi. İsa bəy təklifi rədd etdi. Hadisə belə olub, şahidlər də sağ salamatdır”.

A. Yusifli qeyd edib ki, birlik naminə polemikaya girmək niyyətləri yoxdur və faktlar danılmamalıdır: “Biz həmin vaxt təklif etdik ki, AXCP heç nəyə iddialı deyil. Sadəcə, vəd edilən yerlər AMİP-ə verilsin. AXCP isə 2 il müddətinə Müsavatı dəstəkləyəcəyinə öhdəlik götürür. Bundan sonrakı proses isə müzakirə olunacaq. Bundan da imtina etdilər. Kimlərsə AMİP-in çox yüksək postlar istədiyini deyirsə, həqiqətə uyğun deyil. Əsas problem onda idi ki, İsa Qəmbərin ətrafındakı bir qrup adam hesab edirdi ki, o hakimiyyətə gələcək. Bu hakimiyyəti də heç kiminlə bölüşmək istəmirdilər. İsa Qəmbərin müxalifətin vahid namizədi olmaq şansı var idi. Həmin dövr haqda tam məlumat əldə etmək istəyənlər mətbuatı vərəqləyə bilərlər. Biz gələcək birliyin, mübarizənin xətrinə susuruq. Ancaq haqsız ittihamı cavabsız qoymaq niyyətində də deyilik”.

İki partiya arasında İctimai Palata formatında anlaşmanın əldə olunmamasının səbəbləri haqda da danışan A. Yusifli deyib ki, AXCP İctimai Palatanı müxalifətin əsas güc mərkəzi kimi görür, amma bunun bütün müxalifəti əhatə etmədiyini də bilir: “İctimai Palatadan kənarda olan qüvvələr - REAL, El hərəkatları, Ziyalılar Forumu kimi cəmiyyətə təsir imkanları olan qurumlar var. Müxalifətin daha geniş birliyinin əldə olunması istiqamətində addımlar atırıq. Müsavat Partiyası isə onlara vahid namizədin lazım olmadığını bildirirlər. Mənim üçün də maraqlıdır ki, prezidentliyə namizəd olasan, lakin çoxluğun dəstəyini almaq istəməyəsən. Bu, məntiqdən kənardır. Əslində dəstək istəyirlər. Sadəcə, Müsavat Partiyasında bəziləri ehtiyat edirlər ki, birlik yaransa, bu formatın namizədi İsa Qəmbər olmasın. Onlar əmin olsalar ki, vahid namizəd İsa Qəmbər olacaq, müxalifətin geniş birliyini dəstəkləyərlər”.

Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında iddianın həqiqəti əks etdirmədiyini söyləyib: “Etibar Məmmədovun İsa Qəmbəri dəstəkləməsi ilə bağlı söhbət olub. İsa bəy müsahibəsində də buna aydınlıq gətirib. Digər tərəfdən isə bildirim ki, həmin vaxt Etibar Məmmədovdan gələn təkliflər paketində tələblər çox böyük idi. Hətta burada prezidentin səlahiyyətlərinin olduqca aşağı salınması məsələsi də vardı. Bu şərtlərin isə həmin vaxt reallaşdırılması məqsədəuyğun hesab edilməyib. Fakt faktlığında qalır ki, Əli Kərimli rəsmi şəkildə Etibar Məmmədovu dəstəkləyib. Bu yanlışdır, yoxsa doğrudur, bunu indi bu formata müzakirəyə çıxarmaq düzgün deyil. Birlik modelindən danışıb, bunu sosial şəbəkələrdə və mətbuatda müzakirəyə çıxarmaq düzgün deyil. Əsas müzakirə mövzusu müxalifətin İctimai Palata daxilində əsas namizədi müəyyənləşdirməsidir. Bu istiqamətdə danışıqlar gedir. Birliyə yaxınlaşdıran fikirlər bildirilsə, daha yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR