ABŞ Konqresinin Senatındakı Respublikaçılar Partiyasının bir sıra nüfuzlu nümayəndələri müdafiə naziri Pit Heqsetin fəaliyyətindən narazıdırlar.
Bu barədə “The Hill” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, narazılığın əsas səbəbləri arasında Heqsetin Pentaqondakı kadr siyasəti, İranla müharibənin başa çatdırılması ilə bağlı konkret planın olmaması və münaqişənin maliyyələşdirilməsinə demokratların dəstəyinin təmin edilə bilməməsi göstərilir.
Mənbələr bildiriblər ki, Heqsetlə nüfuzlu respublikaçılar arasındakı gərginlik bu payız kulminasiya nöqtəsinə çata bilər. Buna səbəb ABŞ administrasiyasının İranla müharibənin artan xərclərini qarşılamaq üçün Konqresdən 70 milyard dollardan çox əlavə vəsait istəməyə hazırlaşmasıdır.
Respublikaçı senatorların, həmçinin ABŞ quru qoşunları naziri Daniel Driskollun və Pentaqon rəhbərliyinin digər nümayəndələrinin istefası ilə bağlı Heqsetdən əlavə məlumat tələb edəcəkləri bildirilir.
“The Hill” yazır ki, bəzi respublikaçılar Heqseti səriştəsizlikdə ittiham edir. Nəşr onun müdafiə naziri vəzifəsinə gəlməzdən əvvəl səkkiz il “Fox News” telekanalında çalışdığını xatırladıb.
Məlumata görə, bəzi qanunvericilər ABŞ Prezidenti Donald Trampı Pit Heqseti vəzifədən azad etməyə də çağırırlar.