Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakı Ali Neft Məktəbində olub

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakı Ali Neft Məktəbində olub
# 19 fevral 2013 12:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, akademik Ə.Abbasovu BANM-da görməkdən məmnunluğunu bildirən ali məktəbin rektoru Elmar Qasımov hazırda ölkədə İKT sektorunda həyata keçirilən layihələr, «Azerspace-1» peykinin orbitə buraxılması, Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması və s. məsələlərdən söhbət açıb.

Nazir qeyd edib ki, ölkədə beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir və bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsi olduqca önəmli məsələdir. E.Qasımov bu məsələnin vacibliyini dövlət tərəfindən hər zaman diqqət mərkəzində tutulduğunu vurğulayıb və təhsil sahəsində həyata keçirilən yeniliklərə toxunub. BANM-ın qısa zamanda yaranmasına baxmayaraq, əldə etdiyi uğurlara, o cümlədən ötən ilin qəbulunun nəticələrinə görə ali məktəblər arasında ən yüksək reytinqə layiq görüldüyünə toxunan rektor bildirib ki, BANM-ın yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında tədris prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, artıq transmilli şirkətə çevrilmiş Azərbaycan Dövlət Neft Şirkətinin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən ingilis dilli mühəndis kadrları hazırlamaq olduğunu qeyd edib. E.Qasımov həmçinin 2013-cü ilin İKT ili elan edilməsi ilə bağlı BANM-da yeni «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisasının açıldığını bildirib.

Öz növbəsində Ə.Abbasov qeyd edib ki, hər bir ölkənin inkişafı və gələcəyi savadlı gənc kadrlarından asılıdır. Azərbaycanın ilk milli telekommunikasiya peyki olan «Azerspace-1»dən söz açan nazir bildirib ki, peyk 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq: «Azərbaycanın ilk peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkədə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı kommersiya xarakterli, gəlirli bir layihədir».

Nazir ölkədə İnformasiya Texnologiyaları Universitetinin yaradılması məsələsinə də toxunub və bildirib ki, bu ali təhsil müəssisəsinin quruculuğunda BANM-ın uğurlu təcrübəsindən istifadə olunacaq.

Görüşün sonunda E.Qasımov Ə.Abbasova BANM-ın «Fəxri Qonağı» diplomunu təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR