Gənc Tamaşaçılar Teatrında məktəblilərdən ibarət Bədii Şura yaradılıb

Gənc Tamaşaçılar Teatrında məktəblilərdən ibarət Bədii Şura yaradılıb
# 21 fevral 2013 12:44 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Mart ayı ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında üç yeni tamaşanın premyerası və maraqlı bir layihə həyata keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrının nəzdində məktəblilərdən ibarət bədii şura yaradılıb. Bakıda fəaliyyət göstərən bir sıra orta ümumtəhsil məktəblərinin ən qabaqcıl və fəal şagirdlərindən ibarət Şura teatrda nümayiş etdirilən uşaq tamaşalarının ictimai baxışlarını izləyərək öz fikirlərini bildirəcək.

Teatrda ilk premyera yeni quruluşla və maraqlı tərtibatla tamaşaçıların ixtiyarına veriləcək S.S.Axundov və A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Qaraca qız” tamaşasıdır. İki hissəli nağıl tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Seyidşah Məmmədov, aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, Sona Babayeva, Güşvər Şərifova və başqaları iştirak edəcəklər. Tamaşanın premyerası mart ayının 9-da keçiriləcək. Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanan “Dörd əkizin nağılı” adlı ikinci tamaşanın premyerası isə martın 10-da keçiriləcək. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev və başqaları oynayacaq.

Novruz bayramı ərəfəsində təqdim olunacaq üçüncü tamaşa M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında səhnələşdirilən “Kosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül nağılı”dır. Tamaşa məktəblilərin tətil günlərində nümayiş etdirilməsi nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Səhnə əsərində əsas rolları əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev və başqaları ifa edəcəklər. Tamaşa mart ayının 16-da nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR