Mahmud Məmmədquliyev: “Azərbaycanın ÜTT-yə üzv olması üçün təkliflər bir çox halda bizi qane etmir”

Mahmud Məmmədquliyev: “Azərbaycanın ÜTT-yə üzv olması üçün təkliflər bir çox halda bizi qane etmir”
# 25 fevral 2015 10:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gələn həftə Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı növbəti danışıqlar olacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, ilk növbədə kənd təsərrüfatı sahəsində dəstək üzrə çoxtərəfli danışıqlar aparılacaq: “Bu, çox vacib məsələdir. Azərbaycanın kənd təsərrüfatının inkişafı orada qəbul edəcəyimiz şərtlərdən asılıdır. Cenevrədə həmçinin işçi qrupunun iclası olacaq və onlar tərəfindən təqdim edilmiş sənədlər üzrə iş aparılacaq. Ola bilsin ki, ekspertlər səviyyəsində bir neçə məsləhət görüşləri keçirilsin. O cümlədən bir neçə ölkə, o cümlədən ABŞ, Avropa İttifaqı və bir neçə başqa ölkə bizimlə danışılar aparacaq. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan üçün ən məqbul olan şərtlər təqdim edilsin.

Ona görə də danışıqların nə zaman başa çatacağı məlum deyil. Üzv ölkələrin öz tələbləri var, bu təkliflər bir çox halda bizi qane etmir. Bizim üçün vacib zaman deyil, vacib olan odur ki, şərtlər bizim ölkəyə, qeyri-neft sektoruna heç bir xələl gətirməsin. Azərbaycan bu təşkilata bu şərtlər qəbul edildikdə üzv ola bilər”.

Nazir müavininin sözlərinə görə, bəzən sənəddə olmayan bir neçə məsələ də irəli sürülür: “Məsələn inkişafda olan ölkələr üçün kənd təsərrüfatına dəstək 10, inkişaf etmiş ölkələr üçün 5 faiz göstərilib. Onlar tələb edir ki, biz də 5 faiz göstərək. Özü də bu, yalnız Azərbaycana deyil, Qazaxıstana qarşı da qaldırılır. Çalışırlar ki, ölkələr onların tələbini qəbul etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR