Prezident İlham Əliyev: “2030-cu ilə qədər Bakıda 70 metro stansiyası olmalıdır”

Prezident İlham Əliyev: “2030-cu ilə qədər Bakıda 70 metro stansiyası olmalıdır”
# 20 mart 2013 00:41 (UTC +04:00)

Bakı-APA. “Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir, bunu vurğulayır. Bu, doğrudan da çox sevindiricidir. Bakı bizim mərkəzimizdir, ürəyimizdir, paytaxtımızdır". APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı ilə bağlı Bakıda keçirilmiş şənlikdə öz çıxışında vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, hər bir vətəndaş çalışmalıdır ki, Bakı daha da gözəlləşsin, abadlaşsın. "Son illər ərzində Bakının abadlaşdırılması üçün çox böyük işlər görülmüşdür. 2011-ci ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib. Proqram bu ilin sonuna qədər başa çatmalıdır və qəsəbələrdə mövcud olan bütün infrastruktur məsələləri öz həllini tapacaq”, deyə ölkə başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Bakıda yeni parklar salınır, ictimai yerlər yaradılır, böyük quruculuq işləri aparılır: “Mən metro tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu günə qədər bizim 23 stansiyamız var. Son bir neçə il ərzində üç stansiya istismara verilib. Ancaq qəbul edilmiş master-plan əsasında 2030-cu ilə qədər Bakıda 70 metro stansiyası olmalıdır. Bu işlər ardıcıllıqla aparılır.

Böyük istirahət zonaları, parklar salınır, avtomaşın parkinqləri tikilir. Buna da böyük ehtiyac vardır. Çünki hər il ölkəmizə 100 minlərlə avtomaşın idxal edilir. Azadlıq meydanının altında böyük parkinq tikilir, yaxın aylarda istifadəyə veriləcək. Ən böyük parkinq isə Heydər Əliyev Sarayının arxasında tikilir. Orada təqribən dörd minə qədər avtomaşının saxlanması üçün imkan olacaq. Eyni zamanda, parkinqin üstündə gözəl park salınır. Onun uzunluğu bir kilometr, eni isə 150 metrdir. Yəni, şəhərimizin ən böyük istirahət zonası olacaq, əlbəttə ki, bulvardan sonra”.

“Bakı bulvarı da genişlənir. Artıq yeni bulvar istifadəyə verilib. Bayraq Meydanında son tamamlama işləri aparılır. Bir-iki aydan sonra Bayraq Meydanı da tamamilə vətəndaşlar üçün açılacaq. Bayraq Meydanından Bibiheybət istiqamətinə bulvarın tikintisi davam edir. Bulvarın uzunluğu artıq 15 kilometrdən çox olacaq və yaxın aylarda o yerlər də vətəndaşlar üçün açılacaq. Eyni zamanda, bu ildən başlayaraq dəniz vağzalından Zığ istiqamətinə bulvarın uzadılması layihəsi artıq icra edilməyə başlayıb. İlkin işlər görülüb. Orada da çoxsaylı köhnəlmiş müəssisələr, binalar var. Orada da təmizlik işləri görülür, bütün köçürmələr aparılır, yüksək kompensasiya ödənilir. Beləliklə, Bakı bulvarı daha da böyüyəcək, uzanacaq. Bu da əlbəttə ki, şəhərimizi daha da gözəlləşdirəcək, insanların istirahəti üçün daha da yaxşı şərait yaradacaq”, deyə İlham Əliyev vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir: “Eyni zamanda, mötəbər beynəlxalq tədbirlər də Bakıda indi mütəmadi qaydada keçirilir. Hər həftə, demək olar ki, beynəlxalq konfrans, hansısa tədbir, yaxud da idman yarışı keçirilir. Ötən il “Evrovizion” mahnı müsabiqəsi böyük uğurla keçirilib. Bu il Davos İqtisadi Forumunun Bakıda keçirilməsi gözlənilir. Bu da ölkəmizə və şəhərimizə göstərilən böyük etimaddır. Əlbəttə, biz hamımız 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlaşırıq. Hazırlıq işləri başlayıb və dünya tarixində ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bunun da çox böyük rəmzi mənası var.

Bir sözlə, hər bir vətəndaş yaşadığı yerdə öz səylərini göstərməlidir ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan uğurla irəliyə getsin. Mən əminəm ki, bundan sonra da bizim inkişaf yolumuz həmişə açıq olacaq. Azərbaycan inkişaf və tərəqqi yolu ilə uğurla gedir. Əminəm ki, bundan sonra da uğurla gedəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR