Ötən il AMEA-da 29 elmlər doktoru və 107 fəlsəfə doktoru dissertasiya işi müdafiə edib

Ötən il AMEA-da 29 elmlər doktoru və 107 fəlsəfə doktoru dissertasiya işi müdafiə edib
# 24 aprel 2013 10:02 (UTC +04:00)

Kəmalə Quliyeva – APA. 2012-ci ildə AMEA-nın elmi müəssisələrində 159 problem üzrə elmi tədqiqat işləri aparılıb və 150 mühüm elmi nəticə alınıb. APA-nın xəbərinə görə, bunu AMEA-nın illik ümumi yığıncağında ötən ilki fəaliyyətə dair hesabat verən AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev deyib.

Onun sözlərinə görə, ölkə prezidenti həmişə olduğu kimi, 2012-ci ildə də elm sahəsinə, alimlərə böyük diqqət və qayğı göstərib ki, bu da AMEA-nın fəaliyyətinə müsbət təsir edib.

2012-ci ildə AMEA 10 Dövlət Proqramının yerinə yetirilməsində iştirak edib. Hesabat ilində AMEA müəssisələri 93 elmi tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirib. Bu işlərin 48-nin tətbiqi başa çatıb, 73 iş isə hesabat ili üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilib, plandan əlavə 9 iş tətbiq olunub.

V.Fərzəliyev deyib ki, AMEA-nın tərkibi 152 - 52 həqiqi, 100 müxbir üzvdən ibarətdir. AMEA-nın elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9950 nəfərdir. Elmi işçilərin sayı 4686 nəfərdir ki, onlardan 535 nəfəri elmlər doktoru, 2042 nəfəri isə fəlsəfə doktorudur.

2012-ci ildə doktoranturaya 274 nəfər (126 əyani və 148 qiyabi) doktorant qəbul olunub. Hazırda doktorantların ümumi sayı 569 nəfərdir (300 əyani, 269 qiyabi). Onlardan 10 nəfəri xarici vətəndaşdır. 2012-ci ildə dissertantura yolu ilə fəlsəfə doktoru proqramı üzrə 266 nəfər qəbul olunub. AMEA-nın 828 dissertantının 183 nəfəri əcnəbi vətəndaşdır. 2012-ci ildə AMEA-da 29 elmlər doktoru və 107 fəlsəfə doktoru dissertasiya işi müdafiə edib.

2012-ci ildə büdcə xərcləri üzrə AMEA-ya 74 044 929 manat vəsait ayrılıb. İl ərzində elmin maddi-texniki bazasının yeniləşdirilməsi, AMEA işçilərinin əməkhaqqının artırılması və s. ilə əlaqədar dövlət büdcəsindən 6 391 859 manat əlavə vəsait ayrılıb. Beləliklə, ümumilikdə AMEA-ya dövlət büdcəsindən 80 446 788 min manat vəsait nəzərdə tutulub. 2012-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarının əsaslı təmiri və yenidənqurma işləri üçün mərkəzləşdirilmiş qaydada birbaşa maliyyələşdirmə ilə 24 429 900 manat və Prezidentin Ehtiyat Fondundan 12 milyon manat vəsait ayrılıb.

AMEA-nın elmi müəssisə və təşkilatlarında 2012-ci il üçün 2 940 000 manat büdcədənkənar vəsait nəzərdə tutulub. Lakin faktiki olaraq 1 980 590 manat daxil olub. Bəzi təşkilatlar sifariş olunan və yerinə yetirilən işlərin pulunu köçürməyiblər. AMEA elmi müəssisə və təşkilatlarına 2012-ci ildə qrant vasitəsilə 6 330 768 manat məbləğində vəsait daxil olub. Ümumilikdə ötən il AMEA-ya müxtəlif maliyyələşdirmə mənbələrindən daxil olmuş vəsaitin ümumi məbləği 117 592 540 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR