Azərbaycan dövlət büdcəsinin gəlirləri I rübdə 34%, xərcləri isə 59% artıb

Azərbaycan dövlət büdcəsinin gəlirləri I rübdə 34%, xərcləri isə 59% artıb
# 16 aprel 2013 10:21 (UTC +04:00)

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, I rübündə dövlət büdcəsinin mədaxili 3 565,3 mln. manat proqnoza qarşı 31%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 33,9% çox olub.

Vergilər Nazirliyi mədaxil proqnozu 103,2% icra etməklə dövlət büdcəsinə 1 523,5 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 47,2 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% çoxdur.

Dövlət Gömrük Komitəsi proqnoza 100,3% əməl edərək büdcəyə 289,5 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,0% çoxdur.

Sair daxilolmalardan nəzərdə tutulan 6,3 mln. manata qarşı büdcəyə 16,2 mln. manat və ya proqnoza nisbətən 2,6 dəfə çox vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 840,4 mln. manat vəsait transfert edilib.

Hesabat dövründə dövlət büdcəsinin faktiki xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 58,8% çox olub. İqtisadi təsnifata uyğun olaraq I rübdə dövlət büdcəsi xərclərinin 25,8%-i və ya 1 164,0 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

Funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyətlə bağlı xərclərə (Sahibkarlığa Kömək Milli Fondu, «Aqrolizinq» ASC, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması, İpoteka Fondu) 2,1 dəfə (49,5 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 1,9 dəfə (930,7 mln. manat), müdafiə xərclərinə 1,5 dəfə (100,0 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 49,1% (29,1 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 18,3% (6,2 mln. manat), səhiyyə xərclərinə 13,2% (10,9 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 9,5% (16,2 mln. manat) çox vəsait yönəldilib.

Bu ilin ilk üç ayında büdcənin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 1 913,0 mln. manat və yaxud 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çox vəsait sərf olunub.

İstifadə olunmuş vəsaitdən təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 225,0 mln. manat, enerji, su təchizatı, qaz, yol, su, hava və metro nəqliyyatı, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1 688,0 mln. manat vəsait yönəldilmişdir.

Nəticədə, I rübdə icmal büdcənin gəlirləri 5 573,5 mln. manat, xərcləri 4 906,0 mln. manat həcmində icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR