Tel-Əvivdə Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin şərəfinə təntənəli gecə təşkil edilib

Tel-Əvivdə Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin şərəfinə təntənəli gecə təşkil edilib
# 23 aprel 2013 10:41 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Aprelin 22-də axşam Tel-Əvivdəki “David İntercontinental” mehmanxanasında İsraildə səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin şərəfinə təntənəli gecə keçirilib. İsrail-Azərbaycan Ticarət Palatasının təsisçisi Aleks Kaplun APA-ya bildirib ki, qonaqları İsrail parlamentinin Xarici siyasət və müdafiə komissiyasının sədri, sabiq xarici işlər naziri Aviqdor Liberman və ölkənin digər ictimai və biznes xadimləri qarşılayıb.

A. Liberman Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin səfərini tarixi adlandıraraq bu səfərin iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlığın nümunəsi olduğunu deyib. O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara çatıb və bu fakt ölkələr arasında möhkəm və qırılmaz əlaqələrə yaxşı sübutdur. A. Liberman yaxın gələcəkdə İsrail torpaqlarında Azərbaycan prezidenti İlham Əliyevi və ölkənin digər liderlərini görmək istədiklərini də söyləyib.

E. Məmmədyarov İsrail tərəfinə və şəxsi dost adlandırdığı Aviqdor Libermana qonaqpərvərliklərinə görə təşəkkür edib. O, israilliləri əmin edib ki, müasir Azərbaycan doğrudan da İsrailin yaxın dostu və strateji tərəfdaşıdır.

Gecədə İsraildəki Azərbaycan icmasının nümayəndələri də iştirak edib. Tədbirdə Azərbaycan musiqiləri ifa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR