«Şahdəniz» qazının ixracı üçün əsas marşrut iyunun sonunadək seçiləcək

«Şahdəniz» qazının ixracı üçün əsas marşrut iyunun sonunadək seçiləcək
# 01 aprel 2013 09:24 (UTC +04:00)

Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təqdim olunmuş sənədlər «Şahdəniz» konsorsiumuna imkan verir ki, hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparsın və Avropaya ixracın üstün marşrutu haqqında tam məlumat əsasında qərar versin. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir.

Nəql təkliflərinə «Nabucco West» və TAP layihələrinin texniki, inzibati-nəzarət, maliyyə və digər aspektlərinə dair əsaslı məlumatlar daxildir. Konsorsium bununla müfəssəl dəyərləndirmə mərhələsinə daxil olur və bu mərhələdə təkliflər əvvəlcədən ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qiymətləndiriləcək. Bura kommersiya, layihənin həyata keçmə mümkünlüyü, maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsiz və səmərəli istismar, mərhələlərlə genişləndirilmənin mümkünlüyü və strateji mülahizələr kimi meyarlar aiddir. Bu şirkətlərin hər biri ilə aydınlaşdırma görüşləri də keçiriləcək.

Təqdim olunmuş nəql təkliflərinin 2013-cü ilin aprelin sonunadək hüquqi öhdəliyə malik olacağı gözlənilir. Növbəti ay ərzində «Şahdəniz» konsorsiumu həmçinin Avropadakı potensial qaz alıcılarından hüquqi öhdəlik yaradan qaz satışı təklifləri alacağını da gözləyir.

Qeyd edək ki, «Şahdəniz Mərhələ 2» layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. «Mərhələ 2» layihəsi çərçivəsində «Mərhələ 1»də olan ildə təqribən 9 mlrd. kubmetr qaza daha 16 mlrd. kubmetrin əlavə ediləcəyi gözlənilir.

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının «Mərhələ 2» işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. «Şahdəniz» qazının Türkiyə və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR