Bakı Metropoliteni: Yeni vaqonların yerli texniki tələblərə müvafiq olmaması barədə yayılmış informasiya həqiqətə uyğun deyil

Bakı Metropoliteni: Yeni vaqonların yerli texniki tələblərə müvafiq olmaması barədə yayılmış informasiya həqiqətə uyğun deyil
# 01 mart 2013 15:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropolitenində sınaqda olan Rusiyanın «Transmaşholdinq» tərəfindən istehsal olunmuş 81/760-761 tipli yeni vaqonların yerli texniki tələblərə müvafiq olmaması barədə yayılmış informasiya həqiqətə uyğun deyil.

«APA-Economics»in məlumatına görə, Bakı Metropoliteni rəisinin müavini Vladimir Kazıyev məsələyə münasibət bildirərək qeyd edib ki, ötən ilin dekabr ayının əvvəlindən Bakı Metropolitenində sınaqdan keçirilən vaqonlar istismarçı müəssisənin təşəbbüsü ilə müqavilə əsasında Bakı Metropoliteninə monitorinqə verilib: «Monitorinq üçün ayrılmış 6 aylıq müddət bitməmiş vaqonlar barədə qəti rəy verilə bilməz. Hazırda vaqonlar «Nərimanov» elektrik deposu yollarında sınaq müddətini davam etdirir».

V.Kazıyev bildirib ki, vaqonlar istismar baxımından çox rahat, rəvan hərəkətli, səssiz, iqlimə nəzarət qurğusu, havatəmizləmə, sərnişinləri məlumatlandırma sistemləri ilə təmin edilib: «Videomüşahidə qurğuları hərəkətin təhlükəsizliyinə və ardıcıllığına nəzarət baxımından çox əlverişlidir. Vaqon qapıları əvvəlki modellərə nisbətən daha rahatdır. Qatarı idarəetmə kabinəsində maşinist üçün əlverişli şərait yaradılıb, idarəetmədə kompüter sistemindən istifadə olunur, nasazlıqların aşkar edilməsi üçün diaqnostika sistemi tətbiq edilir. Vaqonların yerli şəraitə uyğunsuzluğu barədə informasiya həm də ona görə həqiqətdən uzaqdır ki, metropoliten sistemində vaqonların istismar şərtləri hər yerdə eynidir. Fərq yalnız vaqonların texniki parametrlərində, təhlükəsizlik tələblərində sərnişin rahatlığının təmin olunmasında ola bilər ki, bu göstəricilər də hazırda sınağın əsas predmetidir. Sınaq müddətinin başqa özəl tərəfi həmin vaqonları idarə edəcək kadrların yetişdirilməsidir. Monitorinqin müddəti başa çatdıqdan sonra Bakı Metropoliteni vaqonların etibarlığı barədə texniki rəy verəcək: «Sınağın nəticəsindən asılı olmayaraq, Bakı Metropoliteni dünyanın digər aparıcı vaqon istehsalçıları ilə əməkdaşlığa hazırdır və bu istiqamətdə danışıqlar aparılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR