Əli Həsənov: “Prezident İlham Əliyev mediaya göstərilən dəstəyi şəffaflaşdırdı” - YENİLƏNİB - APA TV

Əli Həsənov: “Prezident İlham Əliyev mediaya göstərilən dəstəyi şəffaflaşdırdı” - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">APA TV
# 02 may 2013 08:26 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Hər il olduğu kimi, bu il də BMT-nin qərarı ilə dünyada qeyd olunan 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycandan da yan keçmir. Azərbaycan da öz media təmsilçiləri ilə birlikdə bu tədbiri qeyd edir”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanda artıq beynəlxalq dəyərə çevrilən söz, mətbuat, məlumat azadlığı təhlil edilir: “Mövcud vəziyyəti dəyərləndiririk, qarşıda duran vəzifələri və problemləri müəyyən edirik, bu xətt üzrə gələcək inkişafımızı təmin edirik. Bilirsiniz ki, Azərbaycan dövlətinin müstəqillik tarixi 1991-ci ildən başlayır. Ötən 20 ildən çox müstəqillik dövründə biz bir çox sahələrdə inkişafının əsasını qoymuşuq və bu bünövrə üzərində inkişaf edirik. Bu məsələlərdən biri də demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu və siyasi plüralizm zəminində media, mətbuat və informasiya azadlığının təminatıdır. Hər üç fəaliyyət bir-biri ilə bağlıdır. Demokratik ölkə mütləq şəkildə bu dövlətin həyatında ictimai-siyasi institutların mövcudluğunu ehtiva edir. Yəni bu dövlətin tərkibində mütləq şəkildə hakimiyyət uğrunda yarış institutları və siyasi partiyalar, vətəndaş təşəbbüslərini həyata keçirən QHT-lər, cəmiyyət həyatında gedən bütün prosesləri azad şəkildə müzakirəyə aparan media, elektron KİV, azad internet mövcud olmalıdır. İnsanlar gördüklərini və düşündüklərini bir-biri ilə paylaşmalı, hakimiyyət institutlarını və onların opponentləri olan müxalif institutların fəaliyyətini şəffaf şəkildə dəyərləndirmək imkanlarına malik olmalı və seçiciləri hakimiyyət mandatının formalaşmasına istiqamətləndirməlidirlər. Bütövlükdə medianın vəzifəsi bunlardır və vətəndaş cəmiyyətinin məzmunu budur. Demokratik dövlət prosesinin məğzi də belədir”.

Ə. Həsənovun fikrincə, demokratik dövlət odur ki, insanlar öz iradəsi ilə hakimiyyəti formalaşdırır, QHT-lər, siyasi partiyalar və mətbuat orqanları bu formalaşma prosesində vasitəçi rolunda iştirak edirlər: “Cəmiyyət həyatının bütün sahələrini dəyərləndirən və dövlətin gördüyü siyasəti insanlara çatdıran, insanların bu siyasətlə bağlı münasibətini ortaya qoyan media institutu mövcuddur. Bu institutların hamısının fəaliyyəti bütövlükdə vətəndaş cəmiyyəti quruculuğunu ehtiva edir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna 1992-ci ildən başlanıb. 1995-ci ildə isə Azərbaycan Konstitusiyasına salınıb və 1995-ci ildən başlayaraq indiyə qədər bu inkişafımızı davamlı olaraq yüksələn xətlə həyata keçiririk”.

Azərbaycanda senzuranın 1998-ci ilin avqustun 6-da Heydər Əliyevin fərmanı ilə ləğv olunmasını xatırladan PA rəsmisi bunu milli mətbuat tarixinə qızıl həriflərlə yazılmış hadisə kimi dəyərləndirib: “Bu hadisə Azərbaycan mediasının gələcək inkişafının əsasında dayanır. Həmin fərmanda sözün həqiqi mənasında demokratik dünya ölkələrində artıq təcrübədə özünü təsdiqləmiş və sınaqdan keçmiş media azadlığı, siyasi plüralizm prinsipi və jurnalist fəaliyyətini demokratik tənzimlənməsi məsələləri öz əksini tapıb. O dövrdən başlayaraq media azadlığı və siyasi plüralizm Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet vəzifəsi kimi ortaya qoyulub. Bu vəzifə də dönmədən həyata keçirilir. 1998-ci ildən bu günə qədər düşünsək ki, media sahəsində bütün problemlər həll olunub, biz tam şəffaf və problemsiz media mühiti yaratmışıq, bu ədalətsizlik olardı”.

Ə. Həsənovun sözlərinə görə, senzura mövcud olan vaxt mətbuatla senzura idarəsi üz-üzə idi: “1998-ci ildən sonra dövlət media ilə cəmiyyəti üz-üzə buraxdı. Hamı məsuliyyətli, jurnalistikanın qaydalarınmı əxz etmiş insan deyil. 1998-ci ildən sonra biz nə qədər məhkəmə prosesi yaşadıq, nə qədər jurnalistlər həbs olundu. Hətta ayrı-ayrı insanların jurnalistlərə fiziki təsirləri faktı ilə üzləşdik. Amma bu keçilməsi vacib olan bir proses idi və bunu yaşamalı idik”.

Əli Həsənov hazırda prosesin öz məcrasına düşdüyünü deyib: “İnkişaf öz tendensiyasını formalaşdırır. Ümumi tendensiya ondan ibarətdir ki, hakimiyyətin məqsədi azad söz, media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq, onların qələmi vasitəsilə cəmiyyətlə hakimiyyətin şəffaf bir ortamını yaratmaq idi. Bu artıq öz nəticələrini verib. Bu gün bəzi beynəlxalq qurumların iddialarının əksinə olaraq Azərbaycanda azad mətbuat mövcuddur. Heç kim deyə bilməz ki, hadisə haqqında məlumat almaq və yaymaq imkanından məhrumdur. Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz. Əlbəttə böyük cəmiyyətik və baş verən hər hansı hadisədən sığortalanmamışıq. Jurnalistlərlə bağlı döyülmə və məhkəmə halları yaşanır. Biz bunlardan xali deyilik və iddia da etmirik ki, cəmiyyət bu problemlərdən tam qurtulub. Amma bütövlükdə media siyasətinin tendensiyaları və prioritetləri cəmiyyətimizə oturub. Əsas məsələ ondan ibarətdir ki, azad media mövcuddur, arzu edən istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər, jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya bilər”.

PA-nın şöbə müdiri medianın mövcud durumuna subyektiv yanaşan daxili və xarici qüvvələrin olduğunu deyib: “Bunlara da həqiqəti çatdırmalıyıq və bu reallığı sübut etməliyik ki, Azərbaycandakı hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq”.

Ə. Həsənov bəyan edib ki, qarşıda duran əsas vəzifələrdən biri medianın siyasiləşmə tendensiyasından xilas olmasıdır. O qeyd edib ki, bu gün Azərbaycan mediası siyasi düşərgələr arasında qruplaşıb: “Belə təsnif edək: iqtidar, müxalifət, müstəqil yönlü və “reket” media. “Reket” media cəmiyyətin probleminə çevrilib. Neqativ düşüncəli insanlar mətbuata dolublar və ayrıca media orqanları təsis ediblər. Ayrı-ayrı media orqanlarında yerləşmiş bu insanların bir məqsədi var ki, insanları təhdid edərək, bu və ya digər məqsədlərinə nail olsunlar. Yəni təhdid yolu ilə yaşamaq. Bu da bizim cəmiyyətin reallığıdır”.

Ə. Həsənovun sözlərinə görə, iqtidar mətbuatı çalışır ki, hakimiyyətin fəaliyyətinin ancaq yaxşı tərəfini göstərsin və təbliğ etsin, müxalifət yönümlü medianın fəaliyyəti isə hakimiyyətin fəaliyyətini yalnız qaralamağa, müsbət tendensiyaları göstərməməyə və cəmiyyət həyatında iqtidarın işini ifşa etməyə yönəlib: “Müstəqil media isə yavaş-yavaş formalaşmaqdadır. Azərbaycan hakimiyyətinin bu məsələdə əsas vəzifəsi medianı normal hala gətirməkdir. Medianın əsas meyarı ictimai rəy olmalıdır”.

PA təmsilçisi hesab edir ki, məsuliyyətsiz və etik prinsipləri nəzərə almayan jurnalistika ilə diffamasiya mühiti yaratmaq mümkün deyil: “Diffamasiya mühiti jurnalistdən indikindən qat-qat artıq məsuliyyət və peşəkarlıq, ictimai əxlaq, jurnalist etikası tələb edir. Əgər bir Azərbaycan jurnalisti qurultayda seçdiyi Mətbuat Şurasının əxlaq və jurnalist davranış normalarını qəbul etmirsə, deməli, cəmiyyətin o insana jurnalist deməyə haqqı yoxdur. Bu normanı qəbul etməyən insanları jurnalist siyahısından çıxarmalıyıq. O insan artıq jurnalistlərin müdafiəsi sisteminə daxil edilməməlidir və cəmiyyətdə jurnalist kimi təqdim olunmamalıdır. Jurnalist nəyi necə yazmağı bilməli, yazdığı sözün məsuliyyətini dərk etməli və ona uyğun hərəkət etməlidir. Azərbaycanın peşəkar və qocaman jurnalistləri var və onlardan istifadə etmək olar. Yəni bu istiqamətdə kurslar açmaq, redaksiyalarda da bu kurslar vasitəsilə peşəkarlığı artırmaq olar. Dövlət olaraq biz bu sahəyə istənilən qədər vəsait ayırmağa hazırıq. Bu kursları açın və seminarları təşkil edib, biz də sizə dəstək verək”.

Ə. Həsənov bildirib ki, Azərbaycan dövlətinin bugünkü inkişafı fonunda medianın maddi-texniki bazası yaxşı səviyyədə deyil və belə getmək olmaz: “Mediamız mütləq şəkildə imkanlarını genişləndirməlidir. Mediamız cəmiyyətin, ölkənin inkişafında öz yerini tapmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə, bu da normal hal deyil. Bu haqda dəfələrlə danışmışıq. Amma bu məsələ ilə bağlı media strukturlarından yetərli təkliflər, proqramlar almamışam. Mətbuat Şurasında media qurumlarının rəhbərləri ilə birgə bu məsələ ilə bağlı müzakirələr aparın və təkliflərinizi verin. Mən sizə dəstək verəcəyəm”.

Ə. Həsənov Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas məqamlarını da açıqlayıb. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində sözün həqiqi mənasında inqilabi addım atıb: “Bu vaxta qədər mediaya yardım edilirdi. Amma nə cür edilirdi? Cibdən-cibə, qeyri-şəffaf şəkildə hərə birini kənara çəkib, cibinə pul qoyurdu. Prezident “Azərbaycan mediasına dövlət dəstəyi konsepsiyası”nı qəbul etdi və onun bazasında KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Hər il şəffaf şəkildə mediaya müxtəlif vaxtlarda birbaşa vəsaitlər, qrantlar verilir. İndi isə jurnalistlər üçün ev tikilir. Bunların hamısı şəffaf şəkildə həyata keçirilir. Mən sizin qarşınızda söz verirəm ki, bir nəfər də olsun bu və ya digər subyektiv mülahizələrlə ev almayacaq. Mənzillər şəffaf şəkildə cənab prezident tərəfindən Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olanlara paylanacaq. Bu üç prinsip nəzərə alınacaq. Əgər xidməti olanların sayı mini keçəcəksə, biz xidməti olanların içərisindən haqqı olanları arayacağıq. Əgər onların da sayı min nəfəri keçəcəksə ehtiyacı olanları araşdıracağıq. Yəni üç meyarı cəmləşdirib, bu mənzilləri jurnalistlərə paylayacağıq. Belə olan halda jurnalistlərin hüququ pozulur demək olarmı? Əlbəttə olmaz. Hansı hökumət başçısı istəyər ki, onun ölkəsində jurnalist təqib olunsun, problem yaşansın? Ona görə də bugünkü siyasətin məğzi bütün istiqamətlərdə Azərbaycan jurnalistikasına zəruri şəraiti yaratmaqdır. Bütün bunlar jurnalistin asılılığını azaltmaq məqsədi daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR