Vergidən yayınan şəxs barəsində cinayət işi başlanıb

Vergidən yayınan şəxs barəsində cinayət işi başlanıb
# 14 iyul 2014 12:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergidən yayınan şəxs barəsində cinayət işi başlanıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri aparılıb.

Müəyyən edilib ki, Bakı şəhəri, akademik H.Əliyev prospekti, 78 ünvanında yerləşən, mebel satışı ilə məşğul olan “Verona Lux” mağazasına faktiki rəhbərlik 2009-cu ildən fəaliyyətini dayandırmış fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlu tərəfindən həyata keçirilir.

Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən “Səma LTD” MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib. Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və “qara mühasibatlıq” sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb. Toplanmış materiallar Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə göndərilib. Aparılmış səyyar vergi yoxlamaları nəticəsində fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlunun külli miqdar təşkil edən 562 483,61 manat və “Səma LTD” MMM-nin 549 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılmaları müəyyən edilib.

Hər iki fakt üzrə Departamentin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə ibtidai istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR