Pənah Hüseyn: “Nurəddin Məmmədli dediklərimi yanlış başa düşüb”

Pənah Hüseyn: “Nurəddin Məmmədli dediklərimi yanlış başa düşüb”
# 04 avqust 2012 10:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İctimai Palatanın istənilən üzvü məqsədəuyğun bildiyi fikri müzakirəyə çıxara bilər və buna hüququ var. Təbiidir ki, seçkilərdə iştirak və vahid namizəd məsələsinə dair fikir və ideyalar da irəli sürülə bilər. Burada təxribat axtarmağı da doğru qəbul etmirəm”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn verib. P. Hüseyn deyib ki, əslində bununla bağlı aparılan müzakirələri faydalı hesab edir: “Çünki bu bir çox məsələlərə aydınlıq gətirilməsinə səbəb oldu”.

P. Hüseyn Nurəddin Məmmədlinin onunla bağlı söylədiyi fikirlər həqiqətə uyğun deyil: “Bu məsələ ilə bağlı ya jurnalist, ya da Nurəddin Məmmədli mənim fikrimi təhrif edib. Mənim tərəfimdən İctimai Palatada vahid namizəd məsələsi heç vaxt irəli sürülməyib. Əksinə çıxışlarımda vahid namizəd ideyasının öz mahiyyətini itirdiyini və zərərli olduğunu qeyd etmişəm. Yəqin Nurəddin Məmmədli dediklərimi yanlış başa düşüb”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə APA-ya açıqlamasında Pənah Hüseynin bu fikirlərinə cavab vermək istəmədiyini deyib.

Qeyd edək ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli prezident seçkilərində iştirak etmək üçün vahid namizədin müəyyənləşdirilməsi məsələsi ilə bağlı İctimai Palatada baş verənlərin süni şəkildə şişirdildiyini və bu təklifin gözlənilmədən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn tərəfindən irəli sürüldüyünü deyib. N. Məmmədli bu təklif hazırlıqsız, ilkin müzakirələr olmadan sessiyanın gündəliyinə təqdim olunduğuna görə, qurum daxilində çox böyük ajiotaja səbəb olduğunu da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR