“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” Avropa Tələbələri Forumunun prezidentinə müraciət edib

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” Avropa Tələbələri Forumunun prezidentinə müraciət edib
# 27 sentyabr 2012 11:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” Avropa Tələbələri Forumunun (AEGEE - fr. Association des Etats Generaux des Etudiants de l’Europe) prezidenti Luis Alvarado Martinezə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş və etnik təmizlənməyə məruz qalmış Dağlıq Qarabağ bölgəsində AEGEE-nin nümayəndəliyinin açılmasına etiraz yer alıb.

Müraciətdə xatırladılıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası və Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunur: “Sizə və eləcə də Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağda AEGEE nümayəndəliyinin açılmasında iştirakçı olan təşkilatçılara bildirmək istəyirik ki, artıq 20 ildir ki, Ermənistan Respublikası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ona bitişik digər 7 rayonu işğal edib və hələ də işğal altında saxlayır. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlaması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurumu heç bir dövlət tanınmayıb və sizin bu bölgədə təşkilatınızın nümayəndəliyinin açılması qeyri-qanunidir. Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Dağlıq Qarabağ ərazisində həyata keçirilən hər bir tədbir və layihələriniz Azərbaycan dövlətinin icazəsi və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının iştirakı olmadan həyata keçirilə bilməz, eləcə də bu, beynəlxalq hüquq və normalara ziddir. Çünki bu torpaqlarda tarixən yaşamış olan azərbaycanlılar Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti nəticəsində öz doğma yurd yuvalarına qayıtmaq imkanından məhrum olunublar. Bir daha sizdən xahiş və tələb edirik ki, bu məsələni yenidən düşünəsiniz, çünki bu cür təşəbbüslər nəinki təkcə danışıqlar prosesinə, həm də bölgənin gələcək statusuna və inkişafına çox ciddi zərbə vura bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR