Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
# 17 sentyabr 2012 12:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Qurumun şöbə rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar Dövlət Yol Polisinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Respublikanın avtomobil yollarında, habelə Bakı şəhərində yarana biləcək nəqliyyatın sıxlığını nəzərə alaraq sürücülərdən dayanma-durma qaydalarına riayət etmələri xahiş olunur.

K. Əliyev yük avtomobillərini idarə edən sürücülərə də müraciət edərək onları Nazirlər Kabinetinin mövcud qərarına riayət etməyə çağırıb: “Nazirlər Kabinetinin qərarına əsasən səhər saat 08.00-dan axşam saat 21.00-dək Bakı şəhərinə yük maşınlarının girişinə qadağa qoyulub. Dünya çempionatının keçirilməsi ilə əlaqədar yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərdən həmin qərara əməl etmələri xahiş olunur”.

K. Əliyev şəxsi nəqliyyat vasitəsi sürücülərinə də müraciət edib. O bildirib ki, paytaxt sakinləri çempionatın keçirildiyi dövrdə mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etsinlər: “Bu müddət ərzində sakinlərdən xahiş edirik ki, ictimai nəqliyyata daha çox üstünlük versinlər”.

K. Əliyev yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı şəhərində nəqliyyatın hərəkətində yaranmış sıxlığa da münasibət bildirib: “Elə küçələr var ki, sürücülər orta məktəblərin qarşısında yolun hərəkət hissəsində maşınlarını saxlayıb gedirlər. Belə olan halda tıxac yaranır. Ona görə, bir daha sürücülərdən yol hərəkəti qaydalarına əməl etmələrini, yolun hərəkət istiqamətində avtomobilləri park etməmələrini xahiş edirəm”.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar polis sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi zamanı respublikada ictimai asayişin etibarlı qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sentyabrın 15-dən Daxili İşlər Nazirliyi Aparatı, Bakı şəhər Baş Polis İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin yarışların keçiriləcəyi stadionlarda, habelə qonaqların yerləşdiyi mehmanxanalarda polis nəzarəti artırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR