Azərbaycanın dövlət müstəqilliyin bərpası gününə həsr olunmuş kitab sərgi-yarmarkası açılıb

Azərbaycanın dövlət müstəqilliyin bərpası gününə həsr olunmuş kitab sərgi-yarmarkası açılıb
# 18 oktyabr 2012 13:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Oktyabrın 18-də Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda kitab sərgi-yarmarkası açılıb. APA-nın məlumatına görə, yarmarkada Bakıda fəaliyyət göstərən 40-a yaxın nəşriyyat evi, kitab mağazaları və mərkəzləri iştirak edib. Tədbir çərçivəsində, həmçinin uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işlərinin sərgi-satışı da təşkil olunub.

Tədbirdə bildirilib ki, sərgi-yarmarkanın məqsədi əhalinin kitaba marağını artırmaq, gənc nəslin cəmiyyətə yararlı şəxsiyyət kimi yetişməsində, formalaşmasında kitabın mühüm rol oynadığını göstərmək, dövlət müstəqilliyimizin bərpasından keçən 21 ildə nəşriyyatlarda işıq üzü görən kitabları nümayiş etdirməkdir.

Sərgi-yarmarkaya təqdim olunan kitablar özlərində müxtəlif məlumatları, biliyi, elmi dünyagörüşünü, ictimai-siyasi problemləri və s. əks etdirir. 2009-cu ildən başlayaraq hər il dövlət müstəqilliyimizin bərpası günündə təşkil olunan belə kitab sərgi-yarmarkaları əhali arasında böyük maraqla qarşılanır. Budəfəki sərgi-yarmarkada iştirak edən şair və yazıçıların oxucularla görüşüb öz imzaları ilə kitablarını təqdim etmələri üçün guşə də yaradılıb. Kitab bayramında iştirak edən tanınmış yazıçılardan Kamal Abdulla, Aqil Abbas, Rəşad Məcid və başqaları öz kitablarını imzaları ilə oxuculara təqdim ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR