Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını 10% artırıb

Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını 10% artırıb
# 23 iyul 2012 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin analoji dövrünə nisbətən 10,4% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə yazlıq bitkilərin əkini əsasən başa çatıb: «İyunun 22-i vəziyyətinə olan ilkin məlumatlara görə 373,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 67,5 min hektarda dənli və dənli paxlalı bitkilər, 66 min hektarda kartof, 78 min hektarda tərəvəz bitkiləri, 30 min hektarda ərzaq üçün bostan bitkiləri, 29,1 min hektarda pambıq, 10,7 min hektarda dən üçün günəbaxan, 3,6 min hektarda şəkər çuğunduru, 1,5 min hektarda tütün, 79,6 min hektarda çoxillik otlar əkilib».

Komitədən həmçinin bildirilib ki, təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Belə ki, iyulun 1-i vəziyyətinə 606,6 min hektar dənli bitkilərin (qarğıdalıdan başqa) sahəsi biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 1 606,9 min ton (keçən il 1 191,9 min ton) taxıl mədaxil edilib. Hektarın orta məhsuldarlığı keçən ilə nisbətən 2 sentner artaraq 26,5 sentnerə yüksəlib.

«Mövsümün əvvəlindən sahələrdən 315,3 min ton və ya keçən ilin müvafiq dövründəkindən 2,7% çox tərəvəz, 48 min ton (66,4%) ərzaq üçün bostan məhsulları, 245,8 min ton (-7,7%) kartof, 71,6 min ton (14%) meyvə və giləmeyvə toplanıb, quru çəkiyə çevirməklə 54 ton (44,8%) tütün yarpağı yığılıb. Çay plantasiyalarından 277,7 ton yaşıl çay yarpağı yığılıb ki, 2011-ci il iyulun 1-nə nisbətən onun istehsalı 2,9% azalıb», - deyə Komitədən bildirilib.

Bununla yanaşı, hesabat dövründə diri çəkidə 214,6 min ton ət, 856,4 min ton süd, 600,4 mln. ədəd yumurta istehsal edilib və 14,6 min ton qoyun yunu qırxılıb. Ötən ilin müvafiq dövrünə nisbətən diri çəkidə ət istehsalı 6,7 min ton və ya 3,2%, süd istehsalı 58,6 min ton və ya 7,3%, yumurta istehsalı 82,7 mln. ədəd və ya 16%, yun istehsalı isə 427 ton və ya 3% artıb.

Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində 25,5 min ton quş əti (keçən ilin eyni dövrü ilə müqayisədə 40,6% çox) və 186,9 mln. ədəd yumurta (32,2% çox) istehsal edilib. Ötən il iyulun 1-i ilə müqayisədə fabriklərdə quşların sayı 17,2%, o cümlədən yumurtlayan toyuqların sayı 78,5% artıb.

İyulun 1-i vəziyyətinə keçən ilin eyni tarixi ilə müqayisədə qaramalın sayı 1,5% artaraq 2 703,5 min başa, o cümlədən inək və camışların sayı 1,1% artaraq 1 293,8 min başa, qoyun və keçilərin sayı 1,3% artaraq 8 741,2 min başa çatıb.

«Hesabat dövründə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 970,6 mln. manat olub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə onun sabit qiymətlərlə dəyəri heyvandarlıq məhsulları üzrə 5,5%, bitkiçilik məhsulları üzrə 17,5%, ümumi məhsul üzrə isə 10,4% artıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR