Bank Of Baku

«Böyük səkkizlik” sammiti başa çatıb

«Böyük səkkizlik” sammiti başa çatıb
# 20 may 2012 03:42 (UTC +04:00)
Bakı-APA. ABŞ-da «böyük səkkizlik” sammiti başa çatıb.
APA-nın voanews.com saytına istinadən Avropada borc böhranını müzakirə edən «böyük səkkizlik” liderləri iqtisadi inkişaf və iş yerlərinin yaradılması məsələlərinin onlar üçün ən ümdə məsələlər olduğunu bildiriblər.

«Böyük səkkizlik” liderləri açıqladıqları rəsmi bəyanatda Yunanıstanın avro məkanında qalmasını arzuladıqlarını və ölkənin öz öhdəliklərinə əməl etməli olduğunu ifadə ediblər.

Borc böhranına görə dərin iqtisadi tənəzzül keçirən Yunanıstan ciddi iqtisadi tədbirlərin həyata keçirilməsindən yayınmaq üçün avro zonasından çıxa bilər. Lakin öhdəliklərini yerinə yetirmədiyi halda, məcburən avro məkanından çıxarıla bilər.

Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin liderləri ABŞ prezidentinin Vaşinqton yaxınlığındakı Kemp Devid iqamətgahında zirvə toplantısının ikinci günü əsas diqqəti Avropada borc böhranının müzakirəsinə yönəldib.

Yunanıstanın borc böhranından çıxması üçün ciddi iqtisadi ölçülərin həyata keçirilməsi üçün təzyiq göstərən Almaniyanın kansleri Angela Merkel deyib ki, «böyük səkkizlik” liderləri arasında büdcə və iqtisadi artım arasında balans yaratmaq məsələsində fikir birliyi mövcuddur.

Sammitə ev sahibliyi edən prezident Obama avro məkanında borc böhranından çıxmaq yollarını müzakirə edən «böyük səkkizlik” iqtisadi artım məsələsinə diqqət verməsi üçün təzyiq göstərəcəyini bəyan edib.
İranın nüvə proqramı ilə bağlı narahatlıqlarla əlaqədar ABŞ prezidenti deyib ki, “böyük səkkizlik” sanksiyalar və təzyiqlər, eyni zamanda diplomatik müzakirələrin davam etdirilməsində əzmindədir.

Suriyada davam edən zorakılıqlara gəlincə, prezident Obama deyib ki, dünyanın səkkiz qüdrətli dövlətləri BMT-nin keçmiş baş katibi və təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın sülh planına dəstək verir, lakin vəziyyətin tezliklə dəyişməsini arzu edir.

Kemp Devid sammiti Obamanın dörd gün davam edəcək diplomatik turnesinin bir hissəsidir. ABŞ prezidenti şənbə günü NATO-nun zirvə görüşündə iştirak etmək üçün Çikaqo şəhərinə yollanacaq. Əfqanıstan müharibəsi NATO zirvə toplantısının diqqət mərkəzində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR