Çinli hakerlər Pentaqonun kompüter şəbəkəsini sıradan çıxarıblar

Çinli hakerlər Pentaqonun kompüter şəbəkəsini sıradan çıxarıblar
# 04 sentyabr 2007 10:08 (UTC +04:00)
Çin hərbçiləri Pentaqonun kompüter şəbəkəsinə daxil olaraq bütün şifrəli kodları sındırıblar. APA-nın məlumatına görə, ABŞ hakimiyyət orqanları bu insidentin ABŞ Müdafiə Nazirliyinə qarşı ən uğurlu kiberhücum olduğunu etiraf ediblər. Çinli hakerlərin hücumundan sonra amerikalılar Pentaqon rəhbəri Robert Qeytsin ofisindən bir neçə kompüteri şəbəkədən ayırmağa məcbur olublar. Pentaqonda aparılan araşdırmalar zamanı kiberhücumların Çin Xalq Azadlıq Ordusu tərəfindən həyata keçirildiyi dəqiqləşib: “Çin Xalq Azadlıq Ordusu bizim kompüterləri sıradan çıxarmağa qabil olan kiberhücumlar həyata keçirmək qabiliyyətini nümayiş etdirib və bu tip hücumların davam edəcəyi gözlənilir” deyən Pentaqondakı mənbə çinlilərin əvvəllər də bir neçə dəfə ABŞ Müdafiə Nazirliyinin kompüter şəbəkəsini sıradan çıxarmağa cəhd göstərdiyini bildirib. Qeyd edək ki, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin 8-ci birləşməsinin komandiri, general-leytenant Robert Elder Vaşinqtonla Pekin arasında yeni növ müharibə təhlükəsinin olduğunu bildirib. Onun sözlərinə görə, Pekin ABŞ-ın kiberməkanda hegemon rolunu zəiflədərək onu bu sektordan çıxarmağa çalışır. Çin Xarici İşlər Nazirliyi Pentaqonun bu bəyanatlarını əsassız adlandırıb və ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirib. Rəsmi Pekin bildirib ki, Çinin istənilən formada hərbi hazırlığı yalnız müdafiə xarakteri daşıyır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR