“Super çərşənbə axşamı” adlanan partiyadaxili seçkilər günü Hillari Klintonun San-Fransisko şəhərindəki qərargahı qarışqa yuvasına oxşayırdı. Şəhərin mərkəzinə yaxın üç mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən qərargahda çoxlu sayda könüllü vardı. Burada hər bir könüllüyə mobil telefon və ştat üzrə Demokrat Partiyasının seçicilərinin siyahısı verilib. Onlar da qərargahın mərkəzinə qoyulmuş böyük masaların ətrafına toplaşaraq seçicilərə zəng edirdilər. Könüllülərin rahatlığı üçün xüsusi ayrılmış yerlərdə onlara yemək və spirtsiz içkilər təklif olunurdu. Burada CNN telekanalı vasitəsilə canlı yayımda mütəmadi olaraq seçkilərin nəticələri barədə məlumatları izləmək mümkündür. Həftə içi olmasına baxmayaraq, könüllülərin əksəriyyəti işdən icazə alaraq bütün gün seçki qərargahında çalışır və seçicilərə zəng etməklə məşğul olurdular. Bəzi amerikalılar bu kampaniyada ailəliklə iştirak edirdilər. Hillari Klintonun seçki qərargahında könüllü çalışanlar arasında ən kiçiyinin 7 yaşı vardı.
Artur və Aleks
Balaca Artur mobil telefonla seçicilərə zəng edir və onlardan Hillari Klintona səs verəcəkləri barədə müsbət cavab aldıqdan sonra qaçaraq nəticəni sevinclə anasına deyirdi. Kaliforniyada seçkilərin nəticələri yerli vaxtla saat 8-dən sonra açıqlanır. Zaman yaxınlaşdıqca, seçki qərargahının məsul nümayəndəsi uca səslə könüllülərə müraciət edərək onlardan işləri sürətləndirməyi, televizora az baxmağı xahiş edirdi.
Ştatlar arasında saat fərqi mövcud olduğuna görə ilkin seçkilərin nəticələri barədə ilk məlumat Corciya ştatından gəldi. Bu ştatda seçkilərin yekun nəticələrinə görə İllinoys ştatının qubernatoru Barak Obama qalib gəlmişdi. O, Corciya ştatı üzrə 27 nümayəndənin səsini qazanmağa müvəffəq olmuşdu. Lakin nəticələr Hillari Klintonun seçki qərargahında çalışan könüllüləri qətiyyən narahat etmirdi. Seçkilər üzrə təcrübəli mütəxəssislərdən biri bizimlə söhbətində Barak Obamanın ilkin seçkilərdə qalib gələcəyi təxmin edilən ştatların əvvəlcədən bəlli olduğunu söylədi. Onun sözlərinə görə, Obamanın Corciyadan başqa Missisipi və İllinoys ştatlarında qalib gələcəyi heç kəsdə şübhə doğurmur. Həmin şəxs öz iddiasını adı çəkilən ştatlarda qaradərili amerikalı seçicilərin çoxluq təşkil etməsi ilə əsaslandırdı. Gənc olmasına baxmayaraq, seçkilərdə kifayət qədər təcrübəsi olan bu şəxs Hillari Klintonun qalib gələcəyi ştatların adını bu ardıcıllıqla sıraladı - Kaliforniya, Nyu-York və Nyu-Cersi. Hadisələrin gedişi bu gənc seçki mütəxəssisinin proqnozlarını doğrultdu.
Maraqlı bir məqamı qeyd etmək istərdik. Barak Obamanın seçki qərargahı ilə müqayisədə Hillari KLintona yardım edən könüllülər daha yaşlı, təcrübəli və imkanlı təbəqənin təmsilçiləridir. Onların əksəriyyəti yüksək maaşlı işlərdə çalışan və stabil siyasi baxışlara malik insanlardır.
Hillari Klintonun seçki qərargahından ilk açıqlama aldığımız şəxsin açıqlamalarının hamımız üçün maraq doğuracağına əminik. Ona Azərbaycandan olduğumuzu və Amerika Azərbaycanlılarının Şəbəkəsinin (USAN) dünən demokratların namizədləri sırasında Hillari Klintonu dəstəkləmək qərarına gəldiyini söylədik. İxtisasca sənaye mühəndisi olan müsahibimiz Azərbaycanı tanıyır. O, ölkəmiz haqqında məlumatı Amerika ordusunda zabit qismində qulluq etmiş atasından eşidib: “Atam 1965-ci ildə İranın azərbaycanlılar yaşayan bölgələrində şah ordusunun əsgərlərinə təlim keçib və orada çoxlu sayda azərbaycanlı ilə təmasda olub”.
Con Trout
Cənab Trout Hillari Klintona dəstək verməsini belə əsaslandırır: “Mən hələ Bill Klintonun seçki kompaniyasında könüllü iştirak etmişəm və həmin kampaniyanı, verilən vədləri gözəl xatırlayıram. Klintonun hakimiyyəti yalnız qalmaqal deyil, gözəl iqtisadi göstəricilər və dünyadakı imicimiz baxımından müsbət idi. Mən dəyişikliklər tərəfdarıyam, amma bu dəyişikliklərin Bill Klinton dövründə olduğu kimi reallaşdırılmasını istəyirəm”. Con Trout Barak Obama tərəfdarlarının onun guya böyük korporasiyalardan seçki ianəsi almaması və Senatda İraq müharibəsinə qarşı çıxışlarını yanlış məlumat adlandırdı: “İraqda müharibə başlayanda Barak Obama ABŞ Senatında təmsil olunmurdu və İllinoys ştatının yerli qanunvericilik orqanına seçilmiş millət vəkili idi. Ona görə də Barak Obama Senatda belə çıxış edə bilməzdi. O, cəmi iki il bundan əvvəl, İraq müharibəsinin qaynar vaxtında ABŞ Senatına üzv seçilib. Digər tərəfdən, onun İllinoysun böyük şirkətlərinin yardımlarından faydalanması barədə tutarlı faktlar var. Misal üçün, ştat senatorunun bir böyük şirkətin maraqlarını təmsil edərək İllinoysda nüvə zavodunun tikintisini dəstəkləməsi barədə əsaslı məlumatlar var”.
Linda Riçardson
Müsahibə aldığımız digər şəxs, Nigeriya əsilli Linda Riçardson isə Hillari Klintona olan isti münasibətini prezidentliyə namizədin nailiyyətləri ilə izah edir. Onun sözlərinə görə, xanım Klinton prezidentliyə ilk qadın namizəd olmaqla ölkənin tarixində zəif cinsin ən uğurlu nümayəndəsi olduğunu sübuta yetirib: “Əgər siz Demokrat Partiyasının iki əsas namizədinin iş və həyat təcrübəsinə baxsanız, görərsiniz ki, xanım Klinton həyat yoldaşı prezident olanda 8 il Ağ Evdə təmsil olunub və Bill Klinton ABŞ-ın ən uğurlu prezidentlərindən biri olub. Eyni zamanda o, möhkəm iradəli insan olmasını sübut edib və bütün hücumlara, qara kampaniyalara tab gətirərək öz yolunu davam etdirib”.
Ays Smit
Hillari Klintonun Kaliforniya ştatı üzrə seçki qərargahının rəhbəri Ays Smit ştatda tanınmış simalardan biridir. Deyir ki, çörəyi seçkilərdən çıxır, yəni bu iş onun əsas fəaliyyət sahəsidir. Hillari Klintonun seçki qərargahına rəhbərlik etməmişdən əvvəl cənab Smit San Fransisko şəhərinin meri Qevin Nyusom, senatorlar Barbara Boxser və Diana Fainşteyn, Los-Anceles şəhərinin meri Antonio Vilaraqosa və onlarla məşhur siyasətçilərin seçki kampaniyalarına rəhbərlik edib. O, Amerika azərbaycanlılarının Hillari Klintona dəstək verməsini də razılıqla qarşılayaraq, yerli azərbaycanlılarının düzgün seçim etdiyini deyir: “Hillari Klintonun xeyrinə olan əsas məqamlardan biri onun uzun illər ərzində ən ağıllı namizədlərdən biri olmasıdır. O, insanlara inanılmaz dərəcədə ciddi təsir bağışlayır və ürəyi təmizdir”.
Kaliforniya vətəndaşlarının böyükdən kiçiyə kimi hamısının Hillari Klintona rəğbət göstərməsi barədə fikirlər seçkinin nəticələri baxımdan öz təsdiqini tapdı. Binanı tərk edərkən divara vurulan şüarlar sırasında hətta “Tibb bacıları Hillarini sevir” şüarlarını görəndə özümüz də buna inanmağa başladıq.