Sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib

Sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib
# 16 sentyabr 2016 12:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərin əksəriyyəti təhlükəsizliyin və rahatlığın təmin edilməsi, marşrut xətləri üzrə istismarda olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı tələblərini tam şəkildə yerinə yetirmir. Bunun isə başlıca səbəbi onların müasir standartlara cavab verən maddi texniki bazaya malik olmamasıdır”.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumat görə, məhz lazımi maddi texniki bazanın olmaması ictimai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir.

Xatırladaq ki, 6 sentyabr tarixində Bakı şəhərində 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə istismar olunan 10 TF 297 dövlət qeydiyyat nişanlı, “Midibus-saz” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və bir neçə sərnişinin sağlamlığına zərər dəyib. İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxs ilə bağlanan "60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə"nin müddətinin bitdiyi aşkarlanıb.

Bundan başqa, Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydası”nın tələbləri də kobud şəkildə pozularaq, qəzaya düşən avtobus istismara yararsız və texniki cəhətdən nasaz olmasına baxmayaraq reysə buraxılıb. Məhz bu səbəblər nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müvafiq sərəncamı ilə daşıyıcı fiziki şəxs ilə bağlanmış 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqaviləyə xitam verilib və həmin daşıyıcı 14 sentyabr tarixindən 60 nömrəli marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb.

Sərəncama əsasən 60 nömrəli marşrut üzrə sərnişindaşımanın təşkili müvəqqəti olaraq digər daşıyıcı fiziki şəxsə həvalə olunub və onunla müvafiq müqavilə bağlanılıb.

“Mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar edilib. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR