Hicran Hüseynova: “Məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq və yardım mərkəzləri açılmalıdır” - MÜSAHİBƏ

Hicran Hüseynova: “Məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq və yardım mərkəzləri açılmalıdır” - <span style="color: red;">MÜSAHİBƏ
# 09 mart 2016 10:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın APA-ya müsahibəsi

- Hicran xanım, Komitənin fəaliyyətə başlamasının 10 ili tamam oldu. Bu 10 ildə Komitə tərəfindən həyata keçirilən işlər haqqında məlumat verməyinizi xahiş edərdik...

- Bildiyiniz kimi, qadın və uşaq hüquqlarının müdafiəsi, onlara diqqət və qayğının daha da artırılması cəmiyyətin ən əsas vəzifələrindən biridir. Qloballaşan dünyada qadın və uşaq məsələləri dövlətin diqqət mərkəzindədir. Bütün dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edən Ümumdünya Qadın Konfranslarının keçirilməsi, bu tədbirlərdə qadınların iştirakının təmin edilməsi, onların hüquqlarının qorunması istiqamətində bütün səylərin birləşdirilməsi sahəsində nailiyyətlərin əldə edilməsinə təkan verib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan qadınları da IV Ümumdünya Qadın Konfransında iştirak hüququ qazanıb və 1995-ci ildə dövlətimiz tərəfindən Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qəbul olunub. Bu, sənədin imzalanmasının 20 illik yubileyi Komitə tərəfindən keçən il qeyd edilib. Keçən ilin sentyabrında Nyu-Yorkda “Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması üzrə Qlobal Liderlərin Görüşü: Fəaliyyət üçün öhdəlik” mövzusunda dövlət və hökumət başçılarının iştirakı ilə tədbir keçirilib. Zirvə görüşündə “Pekin Bəyannaməsinin və Fəaliyyət Platforması”nın tam icrası ilə bağlı Azərbaycan tərəfinin konsensusunu nümayiş etdirən bəyanatı yayılıb. Bəyanatda bildirilib ki, Platformadan sonra qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində müəyyən olunmuş 12 strateji istiqamət üzrə bir çox dövlətlərin uzun müddətə əldə etdiyi nəticələri Azərbaycan çox qısa müddət ərzində əldə edərək mühüm irəliləyişlərə sahib olub. Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi sahəsində çox güclü və əsaslı tədbirlər həyata keçirilib. Azərbaycan respublikası qadın və uşaq hüquqlarının müdafiəsini dövlət siyasətinin prioritetləri siyahısına daxil edib. Torpaqlarımızın 20 faizinin düşmən tapdağında olmasına, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan hər zaman inkişaf yolunu tutub və insan hüquqlarının qorunmasına istiqamətlənib. Ölkəmiz qadın siyasətinin daha da inkişaf etdirilməsi üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə mühüm beynəlxalq sənədlərə qoşulub. Bu sənədlər siyahısına BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi”, “Uşaq hüquqları haqqında” Konvensiyaları misal gətirmək olar. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması gender siyasətinin həyata keçirilməsinə daha əlverişli zəmin yaradıb. Bundan başqa, daha sonra Azərbaycan prezidenti cənab İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu, 10 il ərzində qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə tədbirləri geniş şəkildə həyata keçirilib. “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilib, Ailə, İnzibati Xətalar, Cinayət və Mülki Məcəllələrə mühüm dəyişikliklər edilib. Xüsusən də diqqət yetirilməli olan məsələlərdən biri bu qanunların işləkliyinin təmin edilməsidir. Məişət zorakılığı qurbanlarına mühafizə orderlərinin verilməsi, qanunlara, məhkəmə qərarlarına istinadların edilməsi implimentasiya mexanizminin tətbiqinə bariz nümunədir. Həmçinin nikah yaşı qadınlar üçün 17-dən 18-ə qaldırılıb. Qadınların məcburi erkən nikaha vadar edilməsinin qarşısını almaq məqsədilə Cinayət Məcəlləsinin eyni maddəsinə dəyişiklik edilib və nikah yaşına çatan qadını nikaha daxil olmağa məcbur etməyə görə azadlıqdan məhrumetmə və cərimələr tətbiq edilib. Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb qüvvəyə minib və bu da sağlam və möhkəm ailələrin qurulması yolunda mühüm addım olub.

Ötən illər ərzində maarifləndirmə tədbirləri daha da genişləndirilib. Bunlardan ən vacibi müstəqil Azərbaycanda qadın həmrəyliyini, qadın fəallığını təmin etmək üçün müxtəlif illərdə bir-birinin ardınca Azərbaycan Qadınları Qurultaylarının keçirilməsi və təşkili olub. Qurultaylar zamanı qadınların aktivliyini yüksəltmək üçün respublikada irimiqyaslı tədbirlər, layihələr, konfranslar, monitorinqlər, seminarlar, dəyirmi masalar, xüsusilə məlumatlandırıcı və maarifləndirici tədbirlər həyata keçirilib. BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilib, məişət zorakılığı və erkən nikah problemlərinə qarşı “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi, BMT-nin “Cənubi Qafqazda gender əsaslı zorakılıqla mübarizə” regional layihəsi, Qadına qarşı zorakılıq, zorakılıq və insan alveri ilə mübarizə mövzularında məlumatlandırma kampaniyası və s. bunlara daxildir. Həmçinin erkən nikahlar, küçə uşaqları, uşaq əməyinin istismarı, reproduktiv sağlamlıq və digər məsələlərlə bağlı araşdırmalar aparılıb. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliği məqsədilə 2008-ci ildən etibarən Beynəlxalq Ailə Günü ilə əlaqədar hər il rayonlarda bu bayram böyük təntənə ilə qeyd olunmağa başlanılıb. Həmçinin silsilə tədbirlər həyata keçirilməkdədir. Buna misal olaraq, “Bizim gücümüz birliyimizdədir” tədbirini, “Həyatdan şəkilə” müsabiqəsini, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə keçirilən “Azərbaycan ailəsi” kino festivalını göstərmək olar.

2009-cu ilin dövlətimiz tərəfindən “Uşaq ili” elan edilməsi bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinin həllinə yönəldilməsinə xidmət edib. 2009, 2011 və 2014-cü illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə UNICEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Ümumrespublika Uşaq Forumları keçirilib. Forumlar uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşması üçün stimul olub. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər ölkələrlə təcrübə mübadiləsinin aparılması məqsədilə Fransa Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi, Türkiyə hökuməti, Küveyt hökuməti, Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi, Belarusun Əmək və Sosial Müdafiə Nazirliyi, Latviyanın Rifah Nazirliyi və digər qurumlar arasında əməkdaşlıq sənədləri imzalayıb. Bu, beynəlxalq əməkdaşlıq Azərbaycanın müsbət təcrübəsini başqa ölkələrə ötürmək, ümumiyyətlə, beynəlxalq standartları tətbiq etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ailə, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində komitənin fəaliyyətinin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədilə eyni zamanda Tvinninq layihəsi həyata keçirilib.

Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə də geniş təmsil olunurlar. Qadınlar səhiyyədə, təhsildə, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar. Artıq qadın sahibkarların sayı artaraq 19,4% olub. Parlamentdə qadınların sayı 1990-cı ildə 4,3 faiz idisə, keçən ilki seçkilərdə qadın millət vəkillərinin sayı 16,8 faizə qalxıb. Bələdiyyələrdə qadınların sayı 2004-cü ildə 4 faiz təşkil etmişdisə, 2014-cü ildə bu rəqəm artaraq 35 faizə çatıb. Elm sahəsində, təhsildə qadınlarımız öz potensiallarını tam reallaşdırmağa imkan qazanıblar. Ölkəmizdə qadın alimlər arasında 3 akademik, 12 müxbir üzv, 117 elmlər doktoru, 1328 elmlər namizədi var. Ulu Öndərin siyasətinin Azərbaycan prezidenti İlham Əliyevin uğurla davam etdirilməsi sayəsində qadın icra hakimi müavinlərinin sayı artaraq 85 nəfərə çatıb. “Bakı 2015” İlk Avropa Oyunlarında qadınlarımızın yüksək səviyyədə ölkəmizi təmsil etməsi, Azərbaycana medallar qazandırması fəxr olunası nəticələrdəndir. Bütün bu səmərəli tədbirlərin əsas məqsədi gender balansının təmin olunmasıdır. Qadınların mövqelərinin qısa sadalanması Azərbaycanda mövcud olan inkişaf dinamikasını göstərir.

Bu məqamda ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın həyata keçirdiyi layihələrlə Azərbaycan qadın hərəkatının tarixində yeni mərhələ açdığını xüsusilə qeyd etmək istərdik. İctimai fəaliyyəti ilə hamıya nümunə olan Mehriban xanım milli-mənəvi dəyərlərimizin qoruyucusu, xalqımızın xeyriyyəçilik ənənələrinin davamçısı kimi cəmiyyətdə böyük nüfuz qazanıb. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” adlı proqram və layihələri təhsilin inkişafına yönəlib. Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı taleyi bu gün cəmiyyəti narahat edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış binası inşa etdirib. Bu layihə müstəqil həyata qədəm qoyan qızların həyatını izləməklə bərabər, eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir.

Komitənin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Mərkəzlərə edilən müraciətlərin sayı 7842 olub ki, onlardan 3691-i uşaq məsələləri ilə bağlı müraciətdir. Uşaq məsələləri ilə bağlı müraciətlərin çoxluğu, müvafiq sahədə analitik araşdırmaların aparılmasına zəmin yaradıb. Bundan əlavə, çoxuşaqlı ailələrə kömək etmək, autizm xəstəsi, daun sindromlu uşaqlara yardımlar göstərmək istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda ilk dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 0-7 yaş arası uşaqlar arasında Denver 2 skrinniq testi tətbiq edilib. Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri bu testi müxtəlif rayonlarda həm normal, həm də əqli cəhətdən geriləmə problemi yaşayan uşaqlar arasında keçirib, test əsasında uşaqlar qiymətləndirilib və problem yaşayan uşaqlar təyin edilib. Eyni zamanda, Portage sistemi tətbiq olunub. Bu, əlilliyi olan uşaqların valideynləri üçün iş metodikasıdır. Sistem Mərkəzlər tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara tətbiq edilir. Valideynlər, həmçinin uşaqlarla məşğul olan mütəxəssislərə məsləhətlər verilir.

Ötən 10 il ərzində biz güclü mütəxəssis komandası formalaşdırmışıq. Komitənin müvafiq sahələri üzrə ekspertlərinin ixtisaslarının artırılmasına xüsusi önəm verərək onları ixtisasartırma kurslarına cəlb etmişik, onların qadın, uşaq siyasəti, məişət zorakılığı sahəsində problemlərin həllində daha da peşəkarlaşmaları üçün lazımi tədbirləri həyata keçirmişik. Hətta əməkdaşlarımız xarici ölkələrdə təşkil edilmiş konfranslarda ekspert kimi çıxışlar edirlər.

Dövlətin ailə, qadın uşaq siyasətini həyata keçirmək böyük fədakarlıq və əməksevərlik tələb edir. Çünki bu siyasət dövlətin ən prioritet istiqamətlərindəndir. Biz də çalışırıq ki, bu siyasətin uğurla reallaşmasında yaxından iştirak edək və gözləntilərin hamısını doğruldaq. Çünki hüquqları pozulmuş qadınların və uşaqların pənah gətirdiyi bir qurum kimi bizdən böyük məsuliyyət tələb olunur. İlk növbədə qeyd etməliyik ki, başda möhtərəm prezidentimiz cənab İlham Əliyev olmaqla dövlətimiz qarşıda duran vəzifələrin uğurlu həlli üçün bütün zəruri şəraiti yaradıb. Biz dövlətimizin ailə, qadın və uşaqlarla bağlı siyasətini həyata keçirən bir qurum olaraq onların hüquqlarının qorunması istiqamətində iş aparır, öz fəaliyyətimizlə ailə məsələlərini araşdırır və təbliğatı gücləndirir, erkən nikahların, dərsdən yayınmanın, uşaq əməyinin istismarının, məişət zorakılığının qarşısının alınması ilə bağlı bir sıra layihələr həyata keçiririk. Komitə tərəfindən vətəndaşlara hər zaman hüquqi məsləhətlər verilir, psixoloji, sosial yardımlar göstərilir. Bütün bunların həyata keçirilməsi ilə bərabər biz çalışırıq ki, ailələrdə adət-ənənələr qorunub saxlanılsın. Əlbəttə, qabaqda hələ görüləcək işlər çoxdur. Amma əsas odur ki, artıq biz neqativ hallara operativ cavablar verə bilirik. Bundan sonra da eyni qayda da davam edəcəyik. Məsələ ondan ibarət deyil ki, edə bilirik, yoxsa yox. Üzərimizə düşənləri etməliyik, bu bizim vəzifəmizdir.

- Son vaxtlar cəmiyyətdə məişət zorakılığı halları artmaqdadır. Demək olar ki, hər gün ailə-məişət zəmində baş vermiş qətl xəbəri yayılır. Sizcə məsələnin kökündə nə dayanır?

- Məişət zorakılığı hadisələrinin baş verməsi bu gün dünyada narahatlıq doğuran məsələlərdəndir. Avropada hər 3 qadından biri zorakılıq qurbanına çevrilir. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu halların azalması müşahidə edilir. Əgər 2009-cu ildə qadınlara qarşı zorakılıqla bağlı baş vermiş cinayət hadisələrinin sayı 4696 idisə, 2015-ci ildə bu rəqəm 2248 təşkil edib. Bildiyiniz kimi, məişət zorakılığının qarşısının alınması istiqamətində Komitə tərəfindən Məlumat Bankı yaradılır. Müvafiq məlumatların toplanması üçün digər dövlət qurumları ilə birgə işlər görülür. 2015-ci ilin 6 ayının məlumatları toplanaraq statistik təhlil aparılıb və problemlər araşdırılıb. Məlum olmuşdur ki, zorakılıq faktlarının çoxu fiziki növə aiddir. Zorakılıqlar daha çox ər-arvad münasibətlərindən irəli gəlir. Zorakılıqla bağlı baş vermiş hadisələrin kökündə birinci növbədə qadının ailədəki statusu məsələsi dayanır. Daha sonra ailə üzvlərindən hansısa birinin zərərli vərdişlərin aludəçisi olması, sosial-iqtisadi durumun aşağı olması, təhsil göstəriciləri və şəxsi keyfiyyətlər bu kimi faktların baş verməsinə təsir göstərir.

Son illər ərzində həm Komitəyə, həm də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı müraciətlər daxil olub. Bu faktlarla bağlı UADM əməkdaşları tərəfindən mütəmadi olaraq ailələrlə, məişət zorakılığı qurbanları ilə psixoloji iş aparılıb, fərdi hal qovluqları açılıb, ailələr haqqında məlumat toplanaraq nəzarətə götürülüb, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilib. Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda - “Zorakılığa yox deyək”, “Erkən yaşda evlilik cinayətdir”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “İnsan alverinin qurbanına çevrilməyək” və s. maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunub və çap materialları paylanıb. Həmçinin Mərkəzlər 2013-cü ildən start verilmiş erkən nikahın qarşısının alınması ilə “Ailə başçısına məktub” aksiyası çərçivəsində 100000-dən çox ailəyə məktub paylanıb.

Avstriyada, Türkiyədə, Fransada, Avstriyada və digər dövlətlərdə məişət zorakılığı ilə bağlı xüsusi mərkəzlər açılıb və fəaliyyət göstərir. Bununla bağlı Azərbaycanda da işlər aparılmalıdır. Sığınacaq və yardım mərkəzlərinin açılmasına ehtiyac var. Baxmayaraq ki, bu gün ölkəmizdə qadınların müdafiəsi mexanizmi yaradılıb, ancaq həmin mexanizm təkmilləşdirilməlidir.

- Qadın hüquqları ilə məşğul olan QHT məişət zorakılığının qurbanı olan qadınlar barəsində mühafizə orderinin yetərincə tətbiq olunmadığını deyir. Bu orderin işləkliyi ilə bağlı apardığınız işlər nə qədər effektivdir?

- 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda 1-ci maddənin 1.0.9-cu bəndinə əsasən, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt təsbit edilib. Qanun qəbul edildikdən sonra Komitə tərəfindən rayonlarda, bölgələrdə mütəmadi olaraq maarifləndirmə işləri aparılıb. Məişət zorakılığı ilə əlaqədar olaraq uzunmüddətli orderin verilməsi üzrə 2013-cü ildə 3 fakt qeydə alınıb, 2014-cü ildə də eyni rəqəm təşkil edib.

Zorakılıq qurbanlarına mühafizə orderlərinin verilməsi ilə bağlı problemlər yaşanmaqdadır. Təəssüflər olsun ki, qanunun 6 il əvvəl qəbul olunmasına baxmayaraq, indiyədək orderlər çox az sayda insana verilib. İndiyədək bu orderlər yalnız qadınlara verilib, mühafizə orderi olduqda həmin ailələrlə həmişə profilaktik iş aparılır. Order verilən münaqişəli ailələr rayon icra hakimiyyətləri və ərazi polis orqanları tərəfindən qeydiyyata götürülür. Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkənə, yəni məişət zorakılığı qurbanına yaxınlaşmasına icazə verilmir. Əgər zorakılıq törədən şəxs bu qərarı pozarsa, onda cinayət məsuliyyətinə cəlb edilir.

Bu günə kimi müxtəlif regionlarda çoxsaylı maarifləndirmə tədbirləri keçirilib, seminarlar, təlimlər təşkil olunub. Bu təlimlərdə aidiyyəti qurumların nümayəndələri, vətəndaşlar iştirak ediblər. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, mühafizə orderlərinin verilməsi ilə bağlı bir sıra problemlər yaşanmaqdadır. Zorakılığın qarşısının alınması üçün Komitə Avstriya təcrübəsinin yerli səviyyədə tətbiqinə başladı, bununla da bütün rayonlarda icraçı qurumlardan ibarət monitorinq qrupları yaradıldı. Monitorinq qruplarının üzvləri qanunvericilik tələbləri ilə bağlı təlimatlandırıldı. Komitə həmçinin müəyyən etdi ki, qurumlararası əlaqələr gücləndirilməli, bu sahədə biliklər artırılmalıdır.

- Azərbaycanda hansı yaş həddinə qədər ailə quranlar erkən nikaha daxil olmuş sayılır?

- Azərbaycanda oğlan və qızlar üçün nikah yaşı 18 müəyyən edilib. Ailə Məcəlləsinə də dəyişiklik edilərək nikah yaşı qadınlar üçün 17 yaşdan 18 yaşa qaldırılıb. Ailə Məcəlləsinin 9.2-ci bəndinə əsasən, üzrlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. 18 yaşdan aşağı artıq erkən nikah sayılır. Diqqətinizə bir daha çatdırım ki, qadınların məcburi erkən nikaha vadar edilməsinin qarşısını almaq məqsədilə Cinayət Məcəlləsinin eyni maddəsinə dəyişiklik edilib və nikah yaşına çatan qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək cərimə və 2 il müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 il müddətədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

- Hansı bölgələrdə daha çox erkən nikah hallarına təsadüf olunur?

- Azərbaycanda bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayının artdığı məlumdur. Bunun qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirmək və müvafiq bölgələr üzrə maarifləndirmə işləri aparmaq lazımdır. Komitə yarandığı gündən bu məsələlərlə bağlı qabaqlayıcı və profilaktik tədbirlər görür. Son 2 ildə Komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd olunub, onlardan 17-nin qarşısı alınıb. Son 3 ildə ümumilikdə 250-yə qədər icma görüşü və maarifləndirici tədbirlər keçirilib. Mərkəzlərin yerləşdiyi rayonlarda icra nümayəndəlikləri vasitəsilə birbaşa 30 minə qədər ailəyə ünvanlı maarifləndirici məktub göndərilib. 70 mindən artıq məktub isə rayonların ərazisində risk qrupundan olan şəxslərə və məktəblilərə paylanılıb. Həmçinin 2 min nüsxəyə yaxın erkən nikah bukletləri hazırlanaraq paylanılıb. Eyni zamanda, “Sağlam ailə-sağlam cəmiyyətin təməlidir”, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “Ailə, məktəb, cəmiyyət” adlı maarifləndirici layihələr həyata keçirilir. Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə Nardaran qəsəbəsində yerləşən 295 saylı məktəbdə şagirdlərin iştirakı ilə keçirilən tədbirdə çıxışlar edilərək erkən nikah, qızların təhsildən yayınması haqqında ətraflı məlumatlar verilib, bu halların qarşısının alınması istiqamətində görüləcək tədbirlər haqqında müzakirələr aparılıb.

- 2007-ci ildə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birgə keçirdiyiniz tədbirdən sonra QMİ erkən nikahlarla bağlı fətva verdi. Fətvada qeyd olunurdu ki, rəsmi nikah olmadıqda heç bir dini nikah bağlana bilməz. Bu addım erkən nikah hallarının qarşısını almağa nə dərəcədə kömək etdi?

- Rəsmi nikah olmadan dini nikahın bağlanması bəzən vətəndaşlar tərəfindən normal qarşılanır. Xüsusən də bu yola yaşları rəsmi nikaha düşməyən şəxslər əl atırlar. Kəbin şəhadətnaməsində rəsmi nikah şəhadətnaməsinin nömrəsi və seriyasının qeyd olunması üçün xüsusi hissə var. Erkən nikahlar zamanı din xadimləri bu hissədə qeyd aparmadan kəbin kəsirlər. Buna isə qanun icazə vermir. Komitə bu problemin həlli istiqamətində ciddi tədbirlərin görülməsinə çalışır və belə din xadimlərinin cinayət məsuliyyətinə cəlb edilməsini təklif edib. Bu, həmçinin kompleks yanaşma tələb edir.

Bunu da qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə işin təşkilinə dair 2015-2016-cı illər üçün Tədbirlər Planı imzalanıb. Gəlinən razılığa əsasən, erkən nikahlarla bağlı maarifləndirmə işinə dini icmaların cəlb edilməsi məqsədilə dini konfessiyaların nümayəndələri üçün treninqlərin keçirilməsi, eləcə də ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğ olunması, yetkinlik yaşına çatmayanlar arasında zərərli vərdişlərin araşdırılması və digər mövzular üzrə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində Azərbaycan rayonlarında “Bizim gücümüz birliyimizdədir” və digər layihələr həyata keçirilib.

- Valideyn məsuliyyətinin artırılması, İnsan alveri qurbanı olmuş uşaqların sosial reablitasiya və cəmiyyətə reinteqrasiyası proqramları ilə bağlı vəziyyət necədir?

- Cinayət və İnzibati Xətalar Məcəllələrinə 29 may 2015-ci il tarixdə edilmiş dəyişikliklərlə valideyn məsuliyyətinin artırılması barədə Cinayət Məcəlləsinə 171.2.3-cü maddə əlavə edilib, həmçinin Cinayət Məcəlləsinin 151, 152, 152.1, 152.2, 152.3, 153, 153.1, 153.2, 153.3-cü maddələrinə dəyişiklik edilərək cəzalar sərtləşdirilib. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə 33.3, 34.3-cü maddələr əlavə edilib, 34.1.7, 51.1, 51.2, 51.3, 236.2, 297, 307, 307-1.2-ci maddələrinə isə dəyişiklik edilərək cəzalar sərtləşdirilib.

Eyni zamanda, Nazirlər Kabinetinin 06 fevral 2014-cü il tarixdə, 37 saylı qərarla “İnsan alveri qurbanı olmuş uşaqların sosial reablitasiya və cəmiyyətə reinteqrasiyası” proqramı təsdiq edilib. Proqramın icrası məqsədilə Komitə insan alverinin qurbanı olmuş uşaqlar və onların ailələri barədə müvafiq məlumatları Daxili İşlər Nazirliyindən məlumatlar alaraq araşdırmalar aparır. Ümumiyyətlə, Komitə insan alverinin qurbanı olmaq riski altında olan ailələrlə iş aparır. Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri həmin risk qrupuna daxil olanları qeydiyyata götürür, lazımi işlərin görülməsi istiqamətində tədbirlər həyata keçirilir, profilaktik işlər görülür, həmin şəxslər aidiyyəti qurumlara yönləndirilir.

Azərbaycan prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinə uyğun olaraq ölkəmizdə risk qrupu altında olan baxımsız, kimsəsiz, hüquq pozuntuları törətmiş, insan alverinin potensial qurbanları sayılan yetkinlik yaşına çatmayan şəxslərlə bağlı, həmçinin şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülməkdədir. Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində qeyd olunan kateqoriyaya daxil olan uşaqlarla bağlı aidiyyəti şəhər-rayon İcra Hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaları ilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Ötən ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə buraxılış sinif şagirdləri olan 21 məktəblinin müəyyən səbəblərdən, valideyn himayəsindən məhrum olmuş və qohumlarının yaxud müəyyən təşkilatların himayəsində yaşayan, şəxsiyyəti təsdiq edən sənəd ala bilməmələri ilə bağlı daxil olan məlumatlar araşdırılıb, onlar şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərə xüsusi əhəmiyyət verir, bu sahədə fəaliyyət göstərən QHT-lərlə geniş əməkdaşlıq həyata keçirir. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə sosial təhlükəli vəziyyətdə olan, baxımsız uşaqlar üçün sosial reabilitasiya xidmətlərinin göstərilməsi və baxımsız uşaqlara hüquqi, sosial, tibbi, psixoloji yardımın göstərilməsi məqsədilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası” layihəsi çərçivəsində Komitə nümayəndələri ekspert olaraq iştirak edib, Bakı şəhərinin müxtəlif rayonlarında seminarlar aparıb.

- Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 28079-dan çox müraciət daxil olub ki, bunlar arasında Aliment problemi də yer alıb. Aliment fondunun yaradılması ilə bağlı hər hansı təklif hazırlamaq niyyətiniz varmı?

- Bu gün uşağın saxlanılması üçün alimentin ödənilməməsi ilə bağlı problemlər mövcuddur. Əksər hallarda borclu şəxslər təyin olunmuş alimenti ödəməkdən boyun qaçırmaq üçün müxtəlif üsullara əl atırlar və bütün bunların əziyyətini uşaqlar çəkir. Məlumat üçün bildirirəm ki, təkcə 2013-cü ildə 148, 2014-cü ildə 167, 2015-ci ildə isə 237 alimentin ödənilməməsi ilə bağlı müraciətlər daxil olub. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. Lakin mövcud şəraitdə Qanunun bu tələbləri vətəndaşlar tərəfindən pozulur. Təcrübə göstərir ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür. Latviyada alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən Aliment Fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviyanın Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə “Saxlanılma xərclərinin təminatları fondu haqqında” Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyətə başlayıb. Burada fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasından ibarətdir. Hesab edirik ki, Azərbaycanda da gələcəkdə bu istiqamətdə işlərin aparılması aliment problemi yaşayan qrupa daxil olan uşaqların mənafelərinin yaxşılaşdırılması sahəsinə əhəmiyyətli təsir göstərə bilər.

- Azərbaycanda əcnəbi vətəndaşlara verilən uşaqlara Sizin komitə tərəfindən ciddi nəzarət olunsa da, bu, daxili övladlığa verilmə zamanı tətbiq olunmur. Daxildə övladlığa verilən uşaqlara gələcəkdə nəzarət etmək məsələsi gündəmdə varmı? Ümumiyyətlə, istər daxili, istər də xarici övladlığa verilmə ilə bağlı neqativ hallar aşkarlanıb?

- Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülən Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyatına nəzarət tədbirləri qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə ki, övladlığa götürülmüş uşaqların həyatına nəzarət 3 il ərzində Komitəyə təqdim edilmiş hesabatlar əsasında həyata keçirilir. Bu istiqamətdə Komitə məsul dövlətlərin Mərkəzi Orqanları ilə sıx əməkdaşlıq həyata keçirir. Təqdim olunmuş hesabatlarda uşağın inkişaf mərhələlərini özündə aydın əks etdirən foto şəkillər və ən azı 15 dəqiqəlik video yazılar əlavə olunmaqla Komitəyə göndərilir.

Daxili övladlığa götürmə zamanı övladlığa götürüləcək uşaqların həyatına nəzarət tədbiri qanunvericilikdə öz əksini tapıb. Belə ki, Ailə Məcəlləsinin 114.2-ci maddəsində uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarətin həyata keçirilməsi qəyyumluq və himayə orqanlarına həvalə edilib. Lakin, daxili övladlığa götürmə ilə bağlı nəzarət mexanizmi mövcud olmadığına görə habelə ölkə üzrə qəyyumluq və himayə orqanlarının kadr potensialının qənaətbəxş olmadığını nəzərə alaraq bu nəzarət qismən həyata keçirilir.

Ümumiyyətlə, hər bir situasiyada Azərbaycanda övladlığa verilmə bir neçə mərhələdən ibarət olmaqla, şəffaf şəkildə aparılır və bununla da neqativ tendensiyaları müəyyən etmək sadələşib. Amma yenə də hesab edirik ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac varın. Komitə tərəfindən övladlığa götürülmüş uşaqların həyatına nəzarət etmək üçün təkliflər hazırlanıb və həmin təkliflərdə bu nəzarətin forma və mexanizmi öz əksini tapıb.

- “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının müvafiq bəndlərinə uyğun olaraq Sizin Komitə tərəfindən Azərbaycan Ailəsi Strategiyası, Milli Uşaq Strategiyasının və Uşaq Məcəlləsinin hazırlanması nəzərdə tutulurdu...

- “Azərbaycan 2020” çərçivəsində Milli Uşaq Strategiyası hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə göndərilib. Uşaq Məcəlləsinin, Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının və “Azərbaycanın Ailə Strategiyası”nın layihələri üzrə işlər yekunlaşdırılaraq aidiyyəti üzrə razılaşdırılması üçün qurumlara göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR