Tiflisdə "İslam sülh və humanizm dinidir" adlı toplantı keçirilib

Tiflisdə  "İslam sülh və humanizm dinidir" adlı toplantı keçirilib
# 13 yanvar 2016 18:02 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis Cümə məscidində "İslam sülh və humanizm dinidir" adlı toplantı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə dövlət nümayəndələri, dindarlar və azərbaycanlı ziyalılar iştirak edib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Krtsanisi rayon Soğanlıq (Poniçala) kənd icra nümayəndəsi Bayram Cəfərov və başqaları çıxış edərək dünyada ağır günlər yaşandığını, İslam dini altında terrorizm və radikalizmə zəmin yaradıldığı bildirilib.

Çıxışçılar son günlər Krtsanisi rayonunun azərbaycanlıların kompakt yaşadığı Soğanlıq (Poniçala) kəndində baş verən ölüm hadisəsini də pisləyiblər. Tədbirdə çıxış edən GMİ-nin sədri Hacı Ramin İgidov Soğanlıq kəndində baş verən hadisənin ilk dəfə baş vermədiyini bildirib: "Bu qətl hadisəsinin səbəb və mənşəyini araşdırmaq lazımdır. Bu hadisəni törədənlər kənar dövlətlərdən gələn nümayəndələrdir, onların hər biri müəyyən məzhəblərin inkişafı üçün çalışır," şeyx qeyd edib. GMİ-nin şeyxi çıxışında qeyd edib ki, Gürcüstanda baş verən hadisələrdə dövlət, ictimaiyyət nümayəndələri, dindarlar və ziyalıların gücündən və məsləhətlərindən geniş istifadə edilməlidir, ölkədə baş verən hər bir mənfi hərəkətin qarşısı ciddi surətdə alınmalıdır: "Son vaxtlar Gürcüstana türk, azərbaycan və rus dillərində ədəbiyyatlar gətirilir, insanlar cihada çağırırlar. Bu təbliğatın qarşısı alınmalı, dini maarifçilik inkişaf etdirilməli, orta məktəblərdə və universitetlərdə ənənəvi İslam dərslərinin keçirilməsinə icazə verilməlidir," GMİ-nin şeyxi vurğulayıb.

Baş nazirin köməkçisi Savalan Mirzəyev Gürcüstanda İslam dininin təbliği üçün maarifçilik işlərinin genişləndirilməsini qeyd edib: "Azərbaycan dilində məlumat xarakterli bukletlər hazırlanmalı və İslam dininin təbliği genişləndirilməlidir. Elə yerlər var ki, İslam sözü deyiləndə bir qorxu yaranır. Amma İslam dini sülh, barışıq, qardaşlıq və humanizm dinidir. Əgər dini zəmində qarşıdurma yaranarsa, bunun qarşısını almaq çox çətin olacaq”.

Tədbirin sonunda Gürcüstanın bir qrup din, dövlət və ictimaiyyət xadimləri ölkə və dünya ictimaiyyətinə müraciət qəbul edilib. Müraciətdə dünyanın hər yerində baş verən, millətindən, irqindən və dinindən asılı olmayaraq insan qırğınları, terror və soyqırımları, təcavüz və işğallar pislənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR