Naxçıvanda BMT Modeli konfransı keçirilir

Naxçıvanda BMT Modeli konfransı keçirilir
# 12 may 2016 17:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Naxçıvan Dövlət Universitetində Naxçıvan BMT Modeli Konfransı (NaxchivanMUN) keçirilir.

BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu, BMT-nin İnkişaf Proqramının Naxçıvan Muxtar Respublikasında təşkil etdiyi ilk tədbirdir.

Mayın 15-dək davam edəcək konfrans çərçivəsində BMT Baş Assambleyasının işi simulasiya ediləcək. Simulyasıyanın mövzusu “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” seçilib.

Konfransda Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, “ADA” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, “Xəzər” Universiteti, Qərb Universiteti və digər ali məktəblərin tələbələri iştirak edirlər.

Konfransın “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debyutant” və “Ən yaxşı debatçı”sı seçiləcək.

Konfransın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov və “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev iştirakı edib. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədləri ölkədə BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR