Ünvanlı sosial yardım xərclərinin qənaətli istifadəsi təklif edilib

Ünvanlı sosial yardım xərclərinin qənaətli istifadəsi təklif edilib
# 14 aprel 2016 16:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası Milli Məclisə ünvanlı sosial yardımla bağlı xərclərin qənaətli istifadəsi ilə bağlı təklif təqdim edib.

APA-nın məlumatına görə, təklifdə qeyd edilir ki, “Yaşayış minimumu haqqında” qanuna (Maddə 1.0.9.) və “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna (Maddə 1.0.1.) əsasən ehtiyac meyarının əhalinin əsas sosial-demoqrafik qrupları üzrə (əmək qabiliyyətli yaşdan aşağı, əmək qabiliyyətli yaşda və əmək qabiliyyətli yaşdan yuxarı) təsdiq edilmiş yaşayış minimumundan asılı olaraq ayrı-ayrılıqda təyin edilməsi nəzərdə tutulub.

Palata tərəfindən aparılan təhlil zamanı müəyyən edilib ki, ünvanlı dövlət sosial yardımı mexanizminin fəaliyyətə başladığı vaxtdan ehtiyac meyarı həddinin təsdiq edilməsi haqqında qanunlarda ehtiyac meyarı bütün qruplar üzrə eyni səviyyədə və yaşayış minimumu ilə əlaqələndirilmədən müəyyən olunub. Bu, bir tərəfdən mövcud qanunların tələblərinə uyğun deyil, digər tərəfdən isə yardımın maliyyələşdirilməsi məqsədilə real tələbatın əsaslı şəkildə proqnozlaşdırılmasına mane olur. Hesablama Palatası dövlət büdcəsindən ünvanlı dövlət sosial yardımı sisteminin maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitlərin qənaətli və nəticəli istifadəsinin təmin edilməsi məqsədilə tətbiq edilən ehtiyac meyarının “Yaşayış minimumu haqqında” qanun ilə müəyyən edildiyi formada hər bir sosial-demoqrafik qrup üçün ayrılıqda təsdiq edilməsi və bunlar arasında uyğunluğun yaradılmasını məqsədəmüvafiq sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR