“Azərbaycanda qadın hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib - FOTO

“Azərbaycanda qadın hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 08 oktyabr 2015 12:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində “Azərbaycanda qadın hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən cəmiyyətin sədri Novella Cəfəroğlu bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı qanunda boşluqlar var: “Qanunda yazılanlar da ikibaşlı yazılıb. Çox vaxt kişilərin, imkanı yaxşı olanların xeyrinə qərar qəbul edilir. Bizim cəmiyyətimizə qadınların hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olur. Boşanan zaman qadınları uşaqlarından, yaşayış yerindən məhrum edirlər”.

Tədbirdə çıxış edən hüquq müdafiəçisi Cəmilə Səmədova isə bildirib ki, qadınlar boşanan zaman yaşayış yerindən məhrum edilirlər: “20-25 il bir yerdə yaşayan qadınlar boşanan zaman evsiz qalırlar. Lakin bu düzgün deyil. Qadınlara yaşayış hüququ verilməlidir. Hesab edirəm ki, nikaha daxil olan zaman bunlar nəzərə alınmalıdır. Bundan əlavə alimentin verilməsi ilə bağlı problemlər var”.

Hüquq müdafiəçisi Sədaqət Paşayeva da bildirib ki, dövlət bu cür məsələlərə həssas yanaşmalıdırlar: “Məhkəmələr, hakimlər bu cür məsələlərlə bağlı qərar verəndə diqqətli olmalıdırlar. Bəzən məhkəmələrdə protokolları düzgün tərtib etmirlər, məhkəmənin jurnalistlər tərəfindən işıqlandırılmasına şərait yaratmırlar. Hesab edirəm ki, qanunlar təkmilləşdirilməlidir, dövlət tərəfindən bu məsələlərə ciddi nəzarət olmalıdır. Bu cür hallar uşaqların da həyatına zərbə vurur ”.

Hüquq müdafiəçisi Əntiqə Qurbanova da kişilərin aliment vermək istəmədiklərini deyib: “Boşanan zaman iş yerlərini, gəlirlərini gizlədirlər. Milli Məclisdə qadınların yaşayış hüququnun tanınması ilə bağlı məsələ müzakirə olunsa, qanunlar təkmilləşdirilsə, yaxşı olar. Bizim cəmiyyətimizə alimentin verilməməsi, uşaqların anadan alınması ilə bağlı 20-dən çox şikayət daxil olub”.

Tədbirdə çıxış edən Ülviyyə Həsənova isə bildirib ki, həyat yoldaşı Rauf Həsənovdan boşanandan sonra uşaqlarını ondan alıblar: “Üç uşağım var. Heç biri ilə görüşə şərait yaratmırlar. Yasamal rayon Məhkəməsi uşaqların atasında qalması barədə qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi isə həmin qərarı qüvvəsində saxlayıb. Biz Ali Məhkəməyə şikayət etmişik. Həyat yoldaşım, ailə üzvləri imkanlarından istifadə edib uşaqlarımı əlimdən alıblar”.

Şölə Balakişiyeva isə həyat yoldaşı Əbülhüseyndən boşandıqdan sonra qızını ondan aldıqlarını bildirib: “Qızımın 13 yaşı var. Baldızımın yanında qalır, lakin mənimlə görüşməsinə icazə vermirlər. Qaynım Kamil və ərimin digər ailə üzvləri dəfələrlə məni döyüblər. Mən də məcbur olub boşanmışam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR