Bakıda “Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçirilib

Bakıda “Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçirilib
# 12 fevral 2016 19:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakıda Xalça Muzeyində “Kitabi-Dədə Qorqud - 12 boy -12 xalça” adlı sərgi-tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir “Kitabi-Dədə Qorqud” eposunun alman şərqşünas alim Henrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyi ilə əlaqədar təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev tədbirin əhəmiyyətindən, “Kitabi-Dədə Qorqud" dastanının Azərbaycan xalqının tarixindəki və ədəbiyyatındakı yerindən danışıb. Nazirlik rəsmisi qeyd edib ki, Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı müxtəlif məzmunlu tədbirlər mütəmadi olaraq təşkil olunmalıdır.

Muzeyin direktor əvəzi Mira Məmmədxanova bildirib ki, Azərbaycanı və yaxın türk coğrafiyasını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında Oğuz türklərinin döv­lət və ordu quruluşundan, hərbi-döyüş sis­te­mindən, ailə əxlaq-tərbiyə qaydalarından bəhs edilir. Dilimizin bugünkü əsas lüğət fondu və qrammatik quruluşu da Dədə-Qorqud dastanında təsdiqlənir. 1815-ci ildə eposun Basatın Təpəgözü öldürdüyü boyunu nəşr etdirən Ditsin tədqiqatlarına görə Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcıdır. Bu fakt “Kitabi-Dədə Qorqud”un daha qədimlərdən gəldiyi barədə ən doğru təsəvvür yaradır. Soy dastanımızın 6 boydan, 98 səhifədən ibarət nüsxəsini isə İtalyan şərqşünası Ettore Rossi Vatikan kitabxanasından taparaq üzə çıxarılıb.

Sərgi-tədbir çərçivəsində görkəmli alim və tədqiqatçılar mövzu ətrafında çıxışlar edib, eyni zamanda Dədə-Qorqud personajının çadır önündə teatrlaşdırılmış kompozisiyası, saz musiqisi və qədim musiqi alətlərinin ifasında çıxışlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR