Baş nazirin müavini qiymətlərin tənzimlənməsindən sonra dərman qıtlığının yaranmasına münasibət bildirib

Baş nazirin müavini qiymətlərin tənzimlənməsindən sonra dərman qıtlığının yaranmasına münasibət bildirib
# 21 noyabr 2015 08:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Apteklərdə bəzi dərmanların tapılmaması ilə bağlı siqnallar bizə də gəlib çatır və bu məsələ ilə bağlı lazımı işlər aparılır. Bizim apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, söhbət tərkibi baxımından deyil, ad baxımından dərmanların tapılmamasından gedir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov qiymətlərin düşməsindən sonra apteklərdə bəzi dərmanların tapılmaması məsələsinə münasibət bildirərkən deyib.

Ə. Əhmədov qeyd edib ki, eyni tərkibdə müxtəlif adlarda dərmanlar var, bu dərmanlar tərkib və keyfiyyət etibarı ilə eynidir, amma müxtəlif firmalar istehsal etdiyinə görə adları fərqlənir: “Vətəndaşlar müəyyən müddətdə müəyyən adda olan dərmanlara alışıblar. Mən bunu başa düşürəm. Eyni tərkibdə olan digər dərmanlara ola bilsin ki, bir az ehtiyatla yanaşırlar. Qeyd etmək istərdim ki, bu və ya digər xəstəliyi müalicə etmək üçün nəzərdə tutulan bütün dərman preparatları müxtəlif adda olsa da, mövcuddur.

Sadəcə, müəyyən müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər, başqa adda, amma eyni tərkibdə olan dərmanların da onların xəstəliklərinə kömək olacağını başa düşsünlər.Belə olarsa, bu problem aradan qaldırılacaq. Təbii ki, bu, böyük prosesdir. Hesab edirəm ki, vətəndaşlar ümumilikdə dərmanların qiymətinin ciddi şəkildə enməsindən məmnundurlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR