GECF-in baş katibi: “Avropanın Rusiya qazından imtina etməsi üçün hələlik heç bir iqtisadi səbəb yoxdur”

GECF-in baş katibi: “Avropanın Rusiya qazından imtina etməsi üçün hələlik heç bir iqtisadi səbəb yoxdur”
# 07 oktyabr 2015 06:58 (UTC +04:00)

Bakı-APA. “Avropanın Azərbaycan və ya İran qazına üstünlük verərək Rusiya qazından imtina etməsi üçün hələ ki, heç bir iqtisadi səbəb yoxdur”.

APA-nın məlumatına görə, bunu “İzvestiya” qəzetinə müsahibəsində İran qazının bazara qayıdışının mümkün nəticələrindən danışarkən Qaz İxracatçı Ölkələri Forumunun (GECF) baş katibi Səid Məhəmməd Hüseyn Adeli deyib.

Onun sözlərinə görə, İranda qaz hasilatının maya dəyəri Rusiyadan xeyli yüksəkdir, TANAP daxil olmaqla yeni qaz kəmərləri isə çox yavaş tikilir: “Mənim müşahidələrimə görə, İran maye qaza üstünlük vermək niyyətindədir, çünki İrana qazı Ərəb dənizindən Asiyaya tədarük etmək daha sərfəlidir. İran qaz borusunun Türkiyə ərazisindən uzadılması isə uzunmüddətli layihədir və onun üçün hələlik heç bir zəmin yoxdur”.

Qeyd olunan layihələrin reallaşacağı müddətə dair proqnoz verən Səid Məhəmməd Hüseyn Adeli Azərbaycanın Avropa İttifaqının qaz-boru sisteminə 2022–2025-ci illərdən tez olmayaraq, İranın isə daha gec qoşulacağına əmin olduğunu bildirib: “Onlar, ümumiyyətlə, Aİ-nin hazırkı tələbatının yalnız bir neçə faizini ödəmək imkanına malikdirlər. Hazırda Aİ tələbatının 1/3 hissəsini məhz Rusiya təmin edir, TANAP-ın istifadəyə verilməsindən sonra bu göstərici yalnız 25-28 faiz səviyyəsinədək enə bilər. Bunu tək biz, yəni GECF, yox, Aİ-də də anlayırlar. Bizim mövqe ondan ibarətdir ki, Rusiya Aİ bazarında dominant yerini saxlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR