Tədqiqatçı: Almaniya elmi Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynayıb

Tədqiqatçı: Almaniya elmi Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynayıb
# 02 iyun 2016 14:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "1865-ci ildən Gədəbəydə Simens qardaşlarının Misəritmə zavodunun fəaliyyəti ilə Dağlıq Qarabağın sistemli şəkildə erməniləşdirilməsi siyasətinə başlanılıb".

Bunu APA-ya açıqlamasında tədqiqatçı Nuridə Atəşi deyib.

N. Atəşi bildirib ki, Siemens fabrikinin əməkdaşları, yerli alman əsilli kolonistlər, Almaniyadan göndərilmiş xüsusi kolleksionerlər Azərbaycanın yüzlərlə tarixi qəbir abidələrini talan edib, soyub, qanuni və qanunsuz şəkildə minlərlə maddi mədəniyyət nümunələrini Almaniyaya daşıtdırıblar.

"Alman alimləri bu materiallar əsasında 150 il boyunca Qarabağın xristianlıqdan öncəki tarixini mütəşəkkil şəkildə erməniləşdirib, qəbir abidələrini qədim erməni xalqına, Azərbaycanın əzəli torpaqlarını "Böyük Ermənistan"a, erməni yaylasına, hətta alban kilsələrini də qədim erməni kilsələrinə məxsus kimi tədqiq ediblər. Almaniyanın məşhur elmi jurnallarında, universitet, muzey kataloqlarında yüzlərlə elmi nəşrlərdə bunlar elmi şəkildə uzun illər boyu geniş ənənə şəklində davam etdirilib.

Berlində fəaliyyət göstərən Qafqaz Tədqiqatları İnstitutu Almaniyanın muzeylərində fond və arxivlərində uzunmüddətli gərgin tədqiqatlar apararaq 150 il boyunca Qarabağın almanlar tərəfindən qüsurlu yazılmış tarixini üzə çıxarın və Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyətinə aid bir çox yeni kolleksiyanı, arxiv materiallarını, tarixi faktları və bu kolleksiyaların Berlinə qeyri-qanuni gətirilməsi və bu günə qədər obyektiv tədqiq edilməməsi və s. faktlar aşkar edib", - deyə o bildirib.

N. Atəşi bilərəkdən və bilməyərəkdən yazılmış bu nöqsanlı tarixşünaslığın Dağlıq Qarabağ problemində böyük rol oynadığını və beynəlxalq elmdə bir çox zərərli nəticələrə gətirib çıxardığını qeyd edib: "İndiyə qədər susan alman tərəfi tarixi faktlar qarşısında cavab verməli, bu səhvlər düzəldilməlidir".

O, Almaniya hökumətinə müraciət hazırladığını da bildirib: "Müraciətdə Azərbaycana məxsus maddi mədəniyyət nümunələrinin digər ölkələr kimi Azərbaycana geri qaytarılmaq tələbi qoyulmasa da, onların alman alimləri ilə birlikdə tədqiq edərək Xocalı- Gədəbəy mədəniyyətinin yenidən obyektiv tədqiqi, materialların yenidən kataloqlaşdırılması və qüsurlu elmi nəşrlərin elmi dövriyyədən çıxarılması tələbi qoyulacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR