ABŞ İsraildən Qəzzada HAMAS-ın tərksilah prosesinə nə dərəcədə hazır olduğunu yoxlamaq üçün “kiçik addımlar” atmasını istəyir.
Bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bu təklifi Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi məsləhətləşmələr zamanı irəli sürüb. Netanyahu HAMAS-ın demilitarizasiyaya sadiqliyinə ciddi şübhə etdiyini bildirib və Kuşnerdən onun bazar günü Misirdə HAMAS liderləri ilə niyə görüşdüyünü soruşub.
Kuşner isə HAMAS nümayəndələrindən tərksilah istiqamətində irəliləməyə hazır olub-olmadıqlarını birbaşa eşitməyin vacib olduğunu deyib. O, həmçinin ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffla əvvəlki görüşün nəticəsində bütün girovların azad edildiyini bildirib.
Qeyd edək ki, söhbət 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülən girovların 2025-ci ildə azad edilməsindən gedir.