Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək

Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək
# 03 aprel 2017 14:58 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiyanın “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel tarixində “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində ilk dəfə tədbir keçiriləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu tur artıq 4 ildir keçirilir və Rusiya, MDB məkanında texnoloji mədəniyyətin populyarlaşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üzrə irimiqyaslı tədbir hesab edilir. Cari ildə bu turun 14 şəhərdə, o cümlədən Bakıda keçirilməsi planlaşdırılıb. Tədbirin əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

Tədbirdə Rusiyadan “Skolkovo” texnoparkının nümayəndələri, startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edəcək. Startap turu çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcək . Müsabiqədə iştirak edəcək layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas hesab edilir. Həmçinin, xarici layihələrin Azərbaycan bazarına tanıtımını təmin etmək məqsədilə tədbir çərçivəsində “Demo Günlər”in keçirilməsi planlaşdırılır.

Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platformadır.

Tədbirdə iştirak üçün aprelin 10-dək https://startup-tour.ru/register/ru ünvanında qeydiyyatdan keçilməlidir. Müsabiqədə iştirak etmək istəyən startapçılar https://startup-tour.ru/ru/page/competition ünvanında qeydiyyatdan keçərək "Mən müsabiqədə iştirak etmək istəyirəm" seçimini edib, ərizə formasını dolduraraq şəxsi kabinet bölməsində layihə təqdimatlarını yükləməlidirlər.

Müsabiqədə 1-ci yeri tutan qalib mükafatla yanaşı, “Skolkovo” Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edəcək, 2 və 3-cü yerləri tutan qaliblər isə digər mükafatlara layiq görüləcəklər.

Qeydiyyat üçün son gün – 10 aprel 2017-ci ildir.

Tədbirin təşkilatçıları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiyanın "Skolkovo" Texnoparkı, Vəsaitlərin İnkişafı Dövlət Fondu (RVK), Rusiya və Şərqi Avropada nəhəng startap akseleratoru olan “GenerationS” layihəsi, İnnovasiyaların Təşviqetmə Fondu və Rusiyada yüksək texnologiyalar , nanotexnologiya sənayesi üzrə layihələrin inkişafı sahəsində dövlət siyasətini həyata keçirən “ RosNano” ASC-dir.

Partnyorlar və sponsor qismində “Tatneft”, “SAP”, “ AlRosa”, “Kaspersky lab”, “I ntel”, “Astrazeneca” şirkətləri çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR