Tikintiyə icazə məlumatlarının Tikintilərin Dövlət reyestrinə təqdim edilməsi müddəti azaldılır

Tikintiyə icazə məlumatlarının Tikintilərin Dövlət reyestrinə təqdim edilməsi müddəti azaldılır
# 27 mart 2018 12:33 (UTC +04:00)

Azərbaycanda tikintiyə icazədə nəzərdə tutulmuş məlumatların vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim etmə müddəti azaldılır.

"APA-Economics"in məlumatına görə, bununla bağlı "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi hazırlanıb.

Məcəllənin 75.10-cu maddəsinə təklif edilən dəyişikliyə görə, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim etməlidir. Hazırda qüvvədə olan qanuna görə, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edilir.

Bundan başqa, Məcəllənin 48.1-ci maddəsində "yaşayış evləri" sözlərinin "Tikinti obyektləri" sözləri ilə əvəz edilməsi təklif edilir.

Qeyd edək ki, dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təklif edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı təkcə yaşayış evlərinə deyil, həm də tikinti obyektlərinə tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR