AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib
# 15 noyabr 2017 13:40 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin “Yeni bioloji fəal üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiqi sahələrinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzə dinlənildikdən sonra müzakirə edilib. Rəyasət Heyəti Aşqarlar Kimyası İnstitutuna yeni üzvi birləşmələrin bioloji fəallığının tədqiqinin davam etdirilməsi, bioloji fəal üzvi birləşmələrin sintezi sahəsində elmi-tədqiqat işlərinin praktiki məqsədlərə yönəldilməsi barədə tapşırıq verib.

Daha sonra iclasda elmi-təşkilati məsələlərə baxılıb. Rəyasət Heyəti akademik Məmməd Cəfər Cəfərovun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, onun əsərlərinin 10 cildliyinin nəşrə hazırlanmasını qərara alıb.

İclasda Azərbaycan prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər Planı təsdiq edilib.

Sonda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə kimya üzrə elmləri doktoru Kazım Quliyev Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR