ABŞ və İsrail Qəzzada mümkün qarşıdurmaların qarşısını almaq və əldə olunmuş razılaşmaların pozulmasını izləmək üçün yeni mexanizm yaratmaq barədə razılığa gəlib.
Bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
Razılaşma ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Qüdsdə keçirilən dörd saatlıq görüş zamanı əldə olunub. Mexanizmdə Misirin də iştirakı nəzərdə tutulur.
İsrail HAMAS-ın potensial təhlükə hesab etdiyi hərəkətləri qeydə alarsa, məlumat yeni mexanizm vasitəsilə hərəkatın nümayəndələrinə çatdırılacaq. Tərəflər həmçinin iki işçi qrupunun yaradılması barədə razılaşıblar. Qruplardan biri Qəzzanın demilitarizasiyası, digəri isə su təchizatı və sanitariya da daxil olmaqla humanitar məsələlərlə məşğul olacaq.
“Axios”un məlumatına görə, Vaşinqton və Qüds arasında Qəzza ilə bağlı fikir ayrılıqları qalır. İsraildə oktyabrda keçiriləcək seçkilərin də Netanyahuya əhəmiyyətli güzəştlərə getmək imkanlarını məhdudlaşdırdığı bildirilir.