ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens 2028-ci il prezident seçkiləri ərəfəsində ölkə lideri Donald Trampın xarici siyasətindən narazı olan tərəfdarlarının dəstəyini qazanmağa çalışır.
Bu barədə “Fox News” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Çərşənbə günü Vens “X” hesabında İrana qarşı müharibəni Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərində məğlubiyyətinin səbəbi kimi göstərib.
“Fox News”un qiymətləndirməsinə görə, vitse-prezident bununla xarici siyasət və ABŞ-ın İsraillə münasibətləri məsələsində baxışlarının Trampın mövqeyindən fərqləndiyini nümayiş etdirib.
Vens paylaşımında sorğulara əsasən, respublikaçıların ictimaiyyətin dəstəyini yenidən qazanmasına kömək edə biləcək dörd istiqaməti də sadalayıb ki, bunlar da İranla müharibənin başa çatdırılması, yaşayış xərclərinin azaldılmasına və inflyasiya ilə mübarizəyə diqqət yetirilməsi, “Əvvəlcə Amerika” prinsipinə sadiqlik və İsraillə münasibətlərə yenidən baxılmasıdır.
ABŞ administrasiyasındakı mənbə telekanala bildirib ki, bu dörd istiqamət Vensin “yeni sağçılara” çağırışı kimi qiymətləndirilə bilər.
Bu qüvvələr Trampın ilkin “Əvvəlcə Amerika” prinsipini dəstəkləyən və xarici münaqişələrə müdaxilədən imtina edilməsinin tərəfdarı olan respublikaçıların koalisiyası kimi xarakterizə olunur.
Bununla belə, “Fox News”un mənbəsi Vensin açıqlamasının Trampla yollarını ayırması kimi qiymətləndirilməməli olduğunu vurğulayıb. Telekanalın məlumatına görə, vitse-prezident Trampı dəstəkləyən, lakin onun xarici siyasəti ilə razılaşmayan respublikaçılara mesaj vermək istəyir. Bu mesaj isə belədir: “Vens bizim adamımızdır”.