İranla Azərbaycan arasında son razılaşmalarının icrası ilə bağlı Bakıda danışıqlar aparılacaq

İranla Azərbaycan arasında son razılaşmalarının icrası ilə bağlı Bakıda danışıqlar aparılacaq
# 04 aprel 2018 09:39 (UTC +04:00)

İran-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfəri zamanı iki ölkə arasındakı son razılaşmaların icrası ilə bağlı danışıqlar aparılacaq.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun həmsədri Salman Xudadadi deyib.

O bildirib ki, hazırda İran-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun iranlı üzvlərinin Azərbaycana səfəri üçün hazırlıq görülür. “Bazar ertəsi Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun həmsədri Vasif Talıbovla telefon danışığımız olub. Danışıq zamanı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb”.

S. Xudadadi qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur: “Dünyanın heç bir yerində Azərbaycan və İran qədər tarixi, mədəni, dini oxşarlığı olan, eləcə də əməkdaşlıq üçün bu kimi potensiala malik ölkələr yoxdur. İki qonşu ölkənin bir neçə şəhəri, o cümlədən Astara, Biləsuvar, Culfa kimi şəhərlər həm İranda, həm də Azərbaycanda eyni ad daşıyır. Ümumiyyətlə iki ölkənin arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur”.


O deyib ki, iki ölkə arasında köklü siyasi əlaqələrin qurulması dərin iqtisadi əlaqələrin nəticəsidir: “Düşünürəm ki, iki ölkə iqtisadi əlaqələri daha da genişləndirməlidir ki, siyasi əlaqələr də davamlı olsun. Bu gün siyasi münasibətlər iqtisadi maraqlar əsasında tənzimlənir”.

S. Xudadadi deyib ki, İran xalqı həmişə Azərbaycan xalqının yanında olub: “Bu gün iki ölkə vətəndaşları arasında qardaşlıq və dostluq münasibəti mövcuddur”.

Neftçalada Azərbaycan-İran birgə avtomobil zavodunun açıldığını deyən S. Xudadadi bunu yaxşı hal kimi dəyərləndirərək, qeyd edib ki, zavod keyfiyyətli avtomobillər istehsal edərək müştərilərini razı salmalıdır.

O həmçinin bildirib ki, bu gün İran Azərbaycanda tibbi sahədə xidmətlər göstərmək üçün geniş imkanlara malikdir və dərman preparatlarının istehsalı Azərbaycanla əlaqələrin inkişafı üçün daha bir sahə ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR