“Azərkosmos” ASC-nin yeni fəaliyyət istiqamətləri müəyyən edilib

“Azərkosmos” ASC-nin yeni fəaliyyət istiqamətləri müəyyən edilib
# 10 mart 2018 23:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2017-ci il 17 oktyabr tarixli sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni məqsəd və fəaliyyət istiqamətləri müəyyən edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edib.

Nizamnaməyə əsasən "Azərkosmos" ASC-nin əsas məqsədi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarət olub. Dəyişikliyə əsasən artıq "Azərkosmos" ASC-nin əsas məqsədləri Azərbaycan Respublikasının telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsindən ibarətdir. Buna müvafiq olaraq Cəmiyyətin vəzifələri də artıb. Başqa sözlə, Yer müşahidə və digər növ peyk xidmətlərinin təşkil edilməsi və göstərilməsi, kosmik texnikanın tətbiq olunması və kosmik vasitələrdən istifadə edilməsi, peyk sistemlərinin istismara qəbulu, Azərbaycan Respublikasının kosmik obyektlərinin uçota alınması "Azərkosmos" ASC-nin vəzifələri sırasına daxil edilib. Cəmiyyət dövlət orqanları, hüquqi və fiziki şəxslərlə bərabər bələdiyyələrin də müxtəliftəyinatlı peyk şəbəkələrinə qoşulma imkanlarını təmin edəcək.

"Azərkosmos" ASC-nin yeni vəzifələri sırasına sosial-iqtisadi inkişaf, kommersiya, elmi fəaliyyət və dövlət məqsədləri üçün müxtəlif hündürlükdə istismar olunan peyklərin, sair aparatların idarə edilməsi, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatında, Beynəlxalq Peyk Rabitəsi Təşkilatında, Avropa Peyk Rabitəsi Təşkilatında, Avropa Kosmik Agentliyində, BMT-nin Kosmosdan dinc məqsədlərlə istifadə Komitəsində və digər aidiyyəti beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil olunması, həmçinin xarici dövlətlərin kosmik agentlikləri və təşkilatları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi, kosmosdan dinc məqsədlərlə istifadə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üçün aidiyyəti olaraq təklif verilməsi və tədbir görülməsi, icranın əlaqələndirilməsi də daxildir. Cəmiyyət fəaliyyəti üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılan "Azərkosmos" (ASC) bundan sonra müstəqil qaydada Nazirlər Kabineti tərəfindən müəyyən edilən inkişaf istiqamətləri əsasında perspektiv inkişaf planını, Cəmiyyətin struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini qanunvericiliyə uyğun olaraq təsdiq edəcək, fəaliyyət istiqamətlərinə aid olan sahədə fərqlənmiş şəxslərə fəxri adların və digər təltiflərin verilməsi barədə aidiyyəti qurumlara təqdimat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR