Pentaqon növbəti beş il ərzində yeni AIM-260 “hava-hava” raketlərinin hazırlanması və satın alınmasına 15,02 milyard dollar ayırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Pentaqonun büdcə sənədlərində deyilir.
Uzun mənzilli AIM-260 raketlərinin hazırlanması proqramı ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən birgə həyata keçirilir.
Bu raketlərin, xüsusilə F-22 “Raptor” və F-35 “Lightning II” qırıcılarında istifadəsi nəzərdə tutulur.
Sentyabrda “Lockheed Martin” şirkəti ilə Pentaqon raketlərin istehsalını sürətləndirmək məqsədilə çərçivə sazişi imzalayıb.
Sənədlərə əsasən, beş il ərzində raketlərin satın alınmasına 13,55 milyard dollardan çox vəsait ayrılacaq. Bunun 7,92 milyard dolları Hərbi Hava Qüvvələrinin, 5,63 milyard dolları isə Hərbi Dəniz Qüvvələrinin payına düşəcək. Bundan əlavə, tədqiqat və işlənib hazırlanma işlərinə təxminən 1,47 milyard dollar yönəldiləcək.
Raketlərin hazırlanmasına 2017-ci ildə, Çinin PL-15 kimi yeni uzunmənzilli “hava-hava” raketlərinin ortaya çıxması fonunda başlanılıb. AIM-260 raketinin mövcud AIM-120 AMRAAM raketlərini əvəz etməsi və hava hədəflərini daha uzaq məsafədən vurmaq imkanına malik olması nəzərdə tutulur.
Pentaqon əvvəlcə yeni raketləri 2022-ci ildə silahlanmaya qəbul etməyi planlaşdırsa da, proqramın icrası gecikib. Satın alınacaq raketlərin sayı, bir raketin qiyməti və sonrakı hazırlıq mərhələləri məxfi saxlanılır.