SOCAR Benində terminal inşa edəcək

SOCAR Benində terminal inşa edəcək
# 15 noyabr 2016 08:33 (UTC +04:00)

Energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Faso və Benin hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdədir.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla adı çəkilən Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi məsələləri müzakirə olunur.

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev, “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimovun daxil olduğu nümayəndə heyəti noyabrın 13-də Burkina Fasonun prezidenti Rok Mark Kristian Kabore tərəfindən qəbul edilib. Xarici işlər və energetika nazirlərinin də iştirak etdiyi görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olmuş və səfərin bu sahədə mühüm rol oynadığı vurğulanıb.

Noyabrın 14-də baş nazir Paul Kaba Thieba ilə keçirilən görüşdə SOCAR və Burkina Fasonun “Sonabhy” dövlət neft şirkəti arasında əməkdaşlığa dair konkret layihələr, bu ölkəyə neft məhsullarının tədarükü, qonşu Beninin Kotonu limanında SOCAR tərəfindən terminalın inşası və bir sıra infrastruktur layihələri müzakirə olunub. Müzakirələrdə “SOCAR Trading” şirkətinin rəhbər şəxslərindən Jan-Fransua Piaçentini və Alexandre Asso da iştirak ediblər.

Bu gün nümayəndə heyətinin Beninin Kotonu şəhərində energetika, su ehtiyatları və mədən sənayesi naziri, maliyyə naziri, xarici işlər naziri və Beninin SONACOP dövlət neft şirkətinin rəhbər şəxsləri ilə işgüzar görüşləri planlaşdırılır.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Qərbi Afrika bazarlarına neft və neft məhsulları təchizatının artırılması və digər enerji layihələrinin həyata keçirilməsi, bu regionda Azərbaycanın siyasi nüfuzunun və SOCAR-ın kommersiya fəallığının artırılması üçün geniş perspektivlərin olması yekdil şəkildə vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR