Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb

Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb
# 29 noyabr 2016 14:26 (UTC +04:00)

Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu yolunun uzunluğu 5,7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq.

Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Buna paralel olaraq tikinti layihəsi çərçivəsində hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və hazır hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 60 min kvadratmetr ərazisinin asfaltlanması nəzərdə tutulub.

Layihə üzrə nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR