Naxçıvanda 4100 ədəd smart kart tipli elektron sayğac quraşdırılıb

Naxçıvanda 4100 ədəd smart kart tipli elektron sayğac quraşdırılıb
# 10 sentyabr 2015 15:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avqust ayının sonunadək Naxçıvan şəhərində 4100 ədəd smart kart tipli ön ödənişli rəqəmsal elektron sayğac quraşdırılıb.

Bu barədə “APA-Economics”ə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Naxçıvanda istifadə olunan elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq və enerji dəyərinin toplanmasında itkiyə yol verməmək üçün elektron sayğacların tətbiqinə başlanılıb.

İstehlakçılara daha yaxşı xidmət göstərmək üçün poçt məntəqələrində kart yükləmə qurğuları qoyulub.

Yeri gəlmişkən, Naxçıvanda payız-qış mövsümündə əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün energetiklər elektrik stansiyalarında, elektrik verilişi xətlərində, transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparıb, yeni transformator yarımstansiyalarının quraşdırılması, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilib.

Kəngərli rayonu ərazisində tikilən tikinti materialları zavodunun elektrik təchizatı üçün yeni 110/10 kilovoltluq yarımstansiya tikilib, burada 10 meqavolt-amper gücündə 110/10 kilovoltluq transformator, eleqaz açarı, ayırıcı, boşaldıcı, eləcə də 4 ədəd 10 kilovoltluq eleqaz açarlı hücrə quraşdırılıb, 300 metr uzunluğunda elektrik verilişi xətti çəkilib. Hazırda obyektdə sınaq-sazlama işləri görülür.

Ötən ay Günəş elektrik stansiyasının tikintisi də davam etdirilib. Stansiyada quraşdırılacaq kabel məmulatlarının və günəş panellərinin xeyli hissəsi alınıb gətirilib. Hazırda ərazidə metal konstruksiyaların quraşdırılması, stansiyadaxili yolların çəkilməsi işləri həyata keçirilir.

Ümumiyyətlə, ötən ay muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 5 yeni transformator yarımstansiyası qoyulub, 5,5 kilometr uzunluqlu yeni elektrik verilişi xətti çəkilib, 1 kilometr məsafədə hava elektrik verilişi xətti kabellə əvəzlənib. Bu dövrdə 62 yarımstansiya, eləcə də 8 transformator əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR