Bakıda həkimin ölümündə təqsirləndirilən keçmiş həyat yoldaşı kassasiya şikayəti verib

Bakıda həkimin ölümündə təqsirləndirilən keçmiş həyat yoldaşı kassasiya şikayəti verib
# 27 iyul 2018 10:19 (UTC +04:00)

Bakıda 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natəvan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı Samir Əliyev kasasiya şikayəti verib.

APA-nın xəbərinə görə, sabiq polis əməkdaşı olan Samir Əliyevin barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi kasasiya şikayəti Ali Məhkəməyə daxil olub.

Şikayət araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib.

Məhkəmə baxışı avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Əliyevin barəsində olan hökm dəyişdirilib.

Samir Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10-cu (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı və təkrar adam öldürməyə cəhd) maddələri həmin məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq, xitam verilib.

Məhkəmə Samir Əliyevin cəzasından 1 il çıxıb və ona qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yandırılmış halda olan meyiti 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində aşkarlanıb.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR