Surinamda səhiyyə sisteminin dayanıqlılığının təmin olunması, eləcə də qeyri-infeksion xəstəliklərdən ölüm hallarının azaldılması məqsədilə 75,08 milyon dollarlıq layihə həyata keçiriləcək.
APA-nın Əlcəzairə ezam olunan əməkdaşının məlumatına görə, bu barədə qərar İslam İnkişaf Bankına üzv ölkələrin ənənəvi illik toplantısı çərçivəsində qərar qəbul edilib.
Bankın həyata keçirmək istədiyi layihələrdən biri də Cibutidə xəstəliyin erkən diaqnostikası və effektiv müalicəsini təmin edəcək ilk Milli Onkoloji Mərkəzin təsis olunması ilə bağlıdır.
Xatırladaq ki, Əlcəzair Xalq Demokratik Respublikasında İslam İnkişaf Bankına üzv ölkələrin ənənəvi illik toplantısında sözügedən quruma üzv olan 57 ölkənin maliyyə və iqtisadiyyat nazirləri, eləcə də aparıcı maliyyə institutlarının rəhbərləri iştirak edir.
Müzakirələrin əsas mövzusu bu quruma üzv olan dövlətlərin qarşılaşdığı sosial-iqtisadi problemlərin dayanıqlı həll yollarına dair təkliflər verməkdən ibarətdir.
Qeyd edək ki, Əlcəzairin Abdelatif Rahal Konfrans Mərkəzində təşkil olunacaq tədbirlə paralel İslam İnkişaf Bankı Qrupunun İdarə Heyətinin iclası da çağırılacaq.