Mədəniyyət Nazirliyinə büdcədən vəsait ayrılır, sonra bu vəsait nazirlik tərəfindən ayrı-ayrı sahələr üzrə bölüşdürülür. Lakin biz Rəssamlar İttifaqı olaraq ayrılan vəsaiti əvvəlcədən bilmirik deyə problem yaşayırıq.
APA xəbər verir ki, bunu Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov
Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
Xalq rəssamı bu məsələni dəfələrlə qaldırdığını qeyd edib: “Mən soruşuram: təsviri sənətə nə qədər vəsait ayıra bilərsiniz? Mən bunu əvvəlcədən bilməliyəm. Çünki bu vəsaitə uyğun planlaşdırma aparıram, hansı sərgiləri təşkil etmək olar, hansılarında iştirak etmək olar və sair. Bir sözlə, vəsait ayrılanda həmin büdcənin tərkibində təsviri sənət üçün nəzərdə tutulan məbləğ konkretləşdirilməlidir. Əks halda, hər şey havada qalır”.
Fərhad Xəlilov Azərbaycanda təşkil olunan sərgilərin nizamsızlığına da toxunub:
“Bizə qətiyyən formal sərgilər lazım deyil. Bizə lazımdır ki, sərgilər layiqli məkanlarda, lazımi səviyyədə təşkil olunsun və orada ən istedadlı sənətkarlar iştirak etsinlər. Həmin sənətkarları da təsviri sənətin nə olduğunu bilən, bu sahəni dərindən tanıyan mütəxəssislər seçməlidir”.